Özləri xeyir vermədilər, toyuğun xeyirindən də məhrum edirlər
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilib və qərar qüvvəyə minib.Dəyişkiliyə əsasən ölkəyə gətirilən xeyli sayda məhsulların rüsum dərəcələri artırılıb. Bu məhsullar arasında toyuq yumurtasına görə tətbiq edilən rüsum xüsusi diqqət çəkir. Belə ki, ölkəyə 1000 yumurta gətirən adam 100 dollar, yəni 160 manat rüsum ödəyəcək. Yəqin ki, qarşıdakı günlərdə maant biraz da əriyəcək və nəticədə 170-180 manat rüsum tələb olunacaq. Deməli, bir yumurtanın ölkəyə daxil olmasını 16 qəpik rüsumla qarşılayacaqlar. Ölkəyə yumurta gətirənlərin digər xərclərini də nəzərə alsaq, bir yumurta sahibkara 20 qəpiyə başa gələcək. Nəticədə yumurtanın qiyməti növbəti dəfə artacaq.
Əvvəla, yumurtaya bu boyda rüsum tətbiq edilməsi absurddur. Sahibkar bu şərtlərlə ölkəyə yumurta gətirməkdə maraqlı olmayacaq. Açıq şəkildə mesaj verirlər ki, bu sevdadan əl çəkin və yumurta biznesi də birmənalı bizə aiddir.
İkincisi, ölkədə alıcılıq qabiliyyətinin kəskin azaldığı vaxtda belə bir qərar qəbul etmək vətəndaş üçün yumurtanı da əlçatmaz məhsula çevirməkdir. Dünənə qədər 10 qəpiyə alınan yumurtanın, bundan sonra 25-30 qəpiyə almaq ehtimalı böyükdür.
Amma ən əsas məsələ budur ki, Azərbaycan xalqının yaddaşında “yumurta müşavirəsi” var. Bəli, hər dəfə yumurtanın qiyməti qalxanda ölkə başçısının məhşur müşavirəsi yada düşür.
Həmin müşavirədə ölkə başçısı süni qiymət artımına rəvac verənləri hədələdi, yumurtanın qiymətinin qaldırılmasını yolverilməz hesab etdi və bu müşavirədən sonra bir müddət yumurtanın həndəvərinə yaxınlaşan olmadı. Amma bir müddət əvvəl 10 qəpik olan yumurta, indi 15-18 qəpiyə satılır. Yeni rüsumların tətbiqindən sonra qiymətlər biraz da qalxacaq. Beləliklə, məhşur “yumurta müşavirəsi” öz qüvvəsini itirir. Bu müşavirədə səslənən fikirlərin, verilnə vədlərin istifadə müddəti bitmiş olur.
Yumurtanın başına gələnlər digər məsələlərlə bağlı verilən vədlərə də kölgə salır. Əgər bir yumurtanın qiymətini sabit saxlaya bilmirlərsə, ölkədəki sabitliyə necə zəmanət vermək olar?
Əgər vətəndaşın yumurta problemi həll olunmursa, kredit problemi, maaş problemi, təhsil, səhiyyə problemi necə həll olunacaq? Referendumdan sonra vəd edilən xoşbəxtliyi hansı küncdə görmək mümkündür? Xalqa bir yumurtanın qiyməti qədər sevinc bəxş edə bilməyənlər, dağ boyda dərdlərə necə çarə tapacaqlar?
Özləri bu xalqa xeyir verə bilmədilər, toyuqların verdiyi xeyirin də qarşısını alırlar. Yəqin ki, növbəti mərhələdə havaya da sayğac qoyular. Bahalı yumurtanı pullu havada yeməyin öz ləzzəti var.
İlham Azadliq