Azərbaycanın beynəlxalq təşkilatdan çıxarılmasına çağırış edildi

global witness

“Global Witness” beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanın vətəndaş cəmiyyətinə olan təzyiqlərdən və ölkənin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki (EİTİ) statusunu saxlamaq cəhdlərindən bəhs edən təhlil yazısı hazırlayıb. Həmçinin Azərbaycanın ciddi islahatlara getməyəcəyi təqdirdə onun EİTİ üzvlüyündən çıxarılmasına çağırış edilir. Yazının xülasəsini təqdim edirik.

Müstəqil vətəndaş cəmiyyətinə – jurnalistlərə, müxalif siyasətçilərə, insan haqları müdafiəçilərinə, digər müxalif səslərə qarşı sürəkli zorakı repressiya və rəsmilərlə bağlı korrupsiya faktları bir çox azərbaycanlının baxışında artıq adiləşib. Ölkədə bu cür vəziyyətin olmasına baxmayaraq, necə mümkün olur ki, Azərbaycan hələ də nüfuzlu EİTİ təşkilatının üzvü olaraq qalır? Halbuki, EİTİ təşkilatının təməl prinsipi hökumətləri hesabatlı davranmağa vadar edən vətəndaş cəmiyyətinin azadlığı prinsipidir. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) iqtisadiyyatın inkişafına mane olan neft-qaz və mədən sənayesindəki korrupsiyanı aradan qaldırmaq üçün bir qrup vətəndaş cəmiyyəti üzvü tərəfindən qurulub. İşləmə mexanizmi isə vətəndaş cəmiyyətinin nəzarətidir. Nəzarət vasitəsilə şirkətlər və onların hökumətdəki tərəfdaşları təbii resursların idarəçiliyində hesabatlı və məsuliyyətli davranır. Əgər nəzarət funksiyası olmasa, EİTİ təşkilatının qurduğu sistem sıradan çıxar və o, nəinki korrupsiya hallarını dayandırmağa, əksinə hökumətlərin ayıblarını örtməyə kömək edər.

Azərbaycan hökuməti vətəndaş cəmiyyəti aktivistlərinə qarşı hücumlara başlayandan sonra “Global Witness” və onun koalisiyadakı partnyorları  beynəlxalq “Publish What You Pay (PWYP)” təşkilatında EİTİ-nin hərəkətə keçməyi üçün çağırış etdi. Böyük təzyiqlərdən sonra 2015-ci ilin aprel ayında EİTİ təşkilatı presedenti olmayan bir addım ataraq, ən köhnə üzvlərindən birini sanksiyaya məruz qoydu.  Bir neçə gün qabaq isə EİTİ İdarə Heyətində Azərbaycanın təşəbbüsdəki fəaliyyətinə xitam verilməyi barədə müzakirə aparıldı. Amma Azərbaycan hökuməti sanksiyalardan yaxa qurtarmaq üçün vətəndaş cəmiyyətinə qarşı kosmetik yumşalmalar irəli sürdü.  Öhdəlik götürdü ki, 2017-ci ilin fevralına qədər vətəndaş cəmiyyətinin azad fəaliyyətinə maneə yaradan repressiv leqal baryerlər aradan götürüləcək. Məsəl üçün, QHT-lərə qarşı ağır cəza və öhdəliklər aradan qaldırılacaq, maliyyələşməyə çıxışı asanlaşdırmaq üçün ölkə qanunlarını sadələşdirəcək.

Azərbaycan oyun oynayır

Məsələ odur ki, Azərbaycan problemləri həll etmək üçün heç bir addım atmır. Azərbaycan sanksiyalardan yaxa qurtarmaq üçün çoxlu öhdəlik götürüb, ancaq qaydaları pozaraq, hələ də bu öhdəlikləri yerinə yetirmir. Dəyişikliyi kağız üzərində deyil, praktikada həyata keçirdiyini göstərən zəruri reformlar hələ də həyata keçirilməyib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki (EİTİ) əsas oyunçular Azərbaycan xalqının vəziyyətinin pisləşməsinə şərait yaradıb. ABŞ və nəhəng neft-qaz şirkətləri də daxil olmaqla, EİTİ İdarə Heyətinin əsas üzvləri təşkilatın qaydalarına əməl olunmasına dəstək verə bilmədi və indi də çağırış edirlər ki, vətəndaş cəmiyyətinin məhv olmasının qarşısını almaq üçün qoruyucu tədbirlər görülsün. Onların bu yanaşması Azərbaycan vətəndaş cəmiyyətinin vəziyyətini günbəgün ağırlaşdırır.

EİTİ təşkilatı vətəndaş cəmiyyəti, hökumətlər və şirkətlər arasındakı əməkdaşlığı gücləndirmək üçün çox iş görüb. Bu təşkilat şəffaflıq mövzusunun qlobal gündəliyə salınmasına yardım edib və dünyanın bütün yerindən olan vətəndaşların təbii resursların idarəçiliyinə dair debatlarda iştirakına imkan yaradıb. İndi isə təşkilat bunların məntiqi davamı olaraq, diqqətini Azərbaycana yönəltməlidir. Əgər Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmasa, bunun nəticələri ilə üzləşməli və təşkilata üzvlüyün verdiyi faydalardan məhrum olunmalıdır.

“Global Witness” təşkilatı bəyan edir ki, Azərbaycanın 2017-ci ilin fevralına qədər etməyi üzərinə götürdüyü öhdəliklərin icrasına dair addımları diqqətdə saxlayacaq.