AXCP sədri Əli Kərimli facebook səhifəsində müavini Gözəl Bayramlıya qarşı davam edən təhdidlərdən yazıb. Əli Kərimli yazır:
Müavinim Gözəl xanımın ölümlə hədələnməsi işində qəddarlıq, bacarıqsızlıq və düşüklük qarışıb bir-birinə. Bilirsiniz ki, Gözəl xanımı 5-ci gün saat 14.52-də 050 393 34 68 nömrəsindən zəng edərək ölümlə hədələmişdilər. Gözəl xanım dərhal 102 xidmətinə zəng etsə də, günün sonuna qədər polis heç bir tədbir görməyib. Yalnız mətbuatda və sosial şəbəkələrdə mövzu ciddi müzakirəyə səbəb olduqdan, axşam saat 21:00-dan sonra Suraxanı polisindən zəng edərək, Gözəl xanımı ifadəsini almaq üçün polisə dəvət edəcəklərini bildiriblər. O vaxtdan polisin, prokurorluğun bu ölüm hədəsinə qarşı hər hansı tədbir görməsi haqqında heç bir məlumat yoxdur. Amma əlaqədar “orqanlar” tamamilə boş da dayanmayıblar.
Hədələnmənin səhərisi günü təcili qaydada saxta bir sələfi profil yaradılıb https://www.facebook.com/abu.zerzahi.1… onun vasitəsilə Gözəl xanımı “başını kəsməklə” hədələyiblər. Hədənin “dəqiq” ünvanının sələfilər olduğunu təlqin etmək üçün profilin saxta adının altında mötərizədə “Azeri Selefi” sözü də əlavə ediblər.
Ey cinayətkarlar, kimi aldadırsınız? Sizin iştirakınız və ya izniniz olmasa bu ölkədə kim başqasını açıq nömrə ilə ölümlə hədələyib, sonra da əli cibində, sərbəst gəzə bilər? Ucqar bir küçədə 1 nəfər adam “Azadlıq!”, “İstefa!” qışqırsa, anında özünüzü ora çatdırarsınız. Necə olur ki, tanınmış siyasətçini 3 gündür açıq nömrədən ölümlə təhdid edirlər, siz heç bir tədbir görmürsünüz? “Azeri Selefi” niyə Gözəl xanımın başın kəsmək istəsin ki? Onlara işgəncəni Gözəl xanım verdirib, yoxsa onların saqqallarını Gözəl xanım zorla qırxdırıb? Gözəl xanımla niyə problemləri olsun ki? Niyə məhz açıq nömrədən hədədən sonra bu “Azeri Selefi” profili tecili ortaya çıxıb?
“Azeri Selefi” indiyə qədər bu ölkədə kimi öldürüb ki, indi də Gözəl xanımı öldürsün? Şükürlər olsun ki, bu ölkədə hələ heç bir qruplaşma terrora başlamayıb. Lap tutaq ki, “Azeri Selefi” real adamdır, terrorçudir, bəs niyə tədbir gömürsünüz, siyasi xadimi terrordan qorumursunuz?
Odla oynamayın, siyasətə ölümlə hədələmə gətirməyin. Orası doğrudur ki, biz heç bir halda, hətta siz hədələrinizi gerçəkləşdirib, bizləri öldürməyə başlasanız da zora əl atası deyilik. Amma terror presidenti yaransa, bundan siz də ziyan çəkərsiniz. Görün nə qədər insanı bədbəxt etmisiniz, nə qədər insanın əmlakını əlindən alıb, evini yıxmısınız?! Nəyinizə lazımdır ki, bu ölkədə insanlar bir-birilə münasibətlərini zor müstəvisində ayırd etsinlər? Nәyə görə atdığınız addımların nəticəsi və məsuliyyəti haqqında heç düşünmürsünüz?Ə.