Rəsmi qəzetdə “Azəriqaz” “vuruldu”: “Qardaş, xidmət göstərin, pulunuzu alın da…”

1420545370_azriqazBir neçə gündür Azərbaycanda soyuq hava şəraiti və buna baxmayaraq, ölkə ərazisində “Azəriqaz” tərəfindən qazın aşağı təzyiqlə verilməsi müzakirə olunur. Bu gün isə rəsmi “Azərbaycan” qəzetində dərc olunan “Niyə məhz 15 noyabrda?!” başlıqlı yazıda “Azəriqaz”ın bu addımı sərt tənqid olunub

Bu il havalar öz sürprizləri ilə bizi təəccübləndirməkdə davam edir. Oktyabrın əvvəlində 25-27, bəzənsə 30 dərəcə istidə qoluqısa köynəkdə gəzməyə məcbur olan bizlər ayın ortalarında leysan yağışlar, indi isə gündüzlər 7-8, gecələrsə 3-5 dərəcədən aşağı temperaturla qarşılaşmışıq. Biz hələ təkcə dağlıq ərazilərə yox, hətta Naxçıvan MR kimi quraq bölgəyə qarın düşməsini demirik. “Bu niyə belədir, nədən baş verir, nə qədər davam edəcək” suallarının cavabları bizlik deyil. Onun üçün ölkədə hidrometeorologiya xidməti var və vəzifələri də yaxın günlər üçün gözlənilən hava barədə əhalini, dövlət qurumlarını məlumatlandırmaqdır.

Amma sən demə, bizdə bunu havanın temperaturu yox, hansısa məmurun günahınınmı deyək, məsuliyyətsizliyininmi deyək, ucbatından sovet dövründən bu yana hələ də qüvvədə (?) qalan, istinad (?) olunan bir parça kağız, daha doğrusu, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı müəyyən edir! Yəqin ki, əski əlifba ilə yazılmış və neçə onillik keçdiyindən saralmış həmin qərarda da yazılıb ki, respublikanın aran bölgələrində, o cümlədən Bakıda qış mövsümü noyabrın 15-dən aprelin 15-dək, yəni 5 ay davam edir. Dağlıq rayonlarda isə bu müddət 6 ay – 181 gündür. Onu da bildirək ki, sözügedən sənəddə ekstremal hava şəraiti də nəzərə alınıb.

Küncdə-bucaqda isə mövzusundan asılı olmayaraq gedən söhbətlər heç nədən yaranmır, başqa sözlə desək, odsuz tüstü çıxmır. Yaxşı, elədirsə, nəyə görə dövlətin hər iki xidmət qurumu aralarındakı borc söhbətini qış mövsümü başlayanacan həll etmirlər? Köhnə olsa da, cavabı indiyəcən verilməyən sualdır.

Qardaş, xidmət göstərin, pulunuzu alın da… İnanmırıq ki, obyektində, mənzilində normal istilik alıb onun haqqını ödəməyənlərin sayı çox olsun. Müşahidələrimiz də bunu göstərir. Belədirsə, xüsusən qış rejiminə keçid məsələsində hansısa yerli icra hakimiyyəti orqanından, məsələn, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətindən asılılıq nəyə lazımdır? Axı havaların dəyişməsi bu qurumların verdikləri sərəncamdan yox, çöldəki temperaturdan məlum olur.