Xebername.info bildirir ki, cebhe.info-nun məlumatına görə, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O, oktyabrın 19-da Kənd Təsərrüfatı Nazirliyinin ölkədə baramaçılığı inkişaf etdirmək üçün Çindən 1,6 milyon ədəd tut ağacı tingi alacağı barədə məlumata diqqət çəkərək bildirib ki, tut ağacları böyüyəcək, baramalar onun yarpaqlarını yeyəcək, hökumət o baramadan ipək alacaq, o ipəkdən paltar tikəcək, həmin paltar aparılıb Çində satılacaq:
“Son günlər hökumət deyir ki, biz Çin bazarına mal satmalıyıq, həmin pulla camaata təqaüd-maaş verəcək. Hökumət anlamır ki, iqtisadiyyata nə qədər çox birbaşa müdaxilə edib, hər şeyi özü etmək istəsə, hər sahədə dominant olmağa çalışsa, bütün sahələrə nəzarəti öz əlində saxlamaqda israr etsə, bir o qədər vəziyyəti bərbad günə qoyacaq. Bizim xalq işləməyi, pul qazanmağı sevən, bacaran xalqdır, camaat hökumətdən kömək istəmir, yetər ki, bu məmurlar ordusu, bu hökumət mane olmasın”.