«Təqib, həbs, sürgün: Azərbaycan hökumətinin tənqidçilərinə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyətinə davamlı basqısı» başlıqlı 75-səhifəlik hesabatda qurum hökumətin vətəndaş cəmiyyətinin dağıdılması istiqamətində göstərdiyi cəhdlərdən bəhs edir.
HRW Azərbaycanda həbslərin artmasını ölkədəki iqtisadi böhran, devalvasiya, inflyasiya, eləcə də prezidentin səlahiyyətlərini artıran konstitusiya dəyişiklikləriylə bağlı narazılığın güclənməsiylə izah edir.
HRW araşdırmalar nəticəsində üzə çıxarıb ki, 2016-cı ildə Azərbaycan hökuməti, ən azı, 20 siyasi fəalı, o cümlədən, gəncləri həbs edib. Siyasi fəalları, eləcə də jurnalistləri məhkəməyə çəkmək üçün qondarma, siyasi motivli inzibati və cinayət ittihamlarından yararlanıb. Fikirlərinə görə tutulanlar qanunsuz narkotik maddə saxlamaqda, ya da qanunsuz biznes fəaliyyətində günahlandırılıblar. Bəzi fəallar isə Türkiyədə çevrilişə cəhddə ittiham olunan ilahiyyatçı Fethullah Gülen-lə əlaqədə təqsirləndirilərək həbs edilib.
Hesabatda bildirilir ki, 2015-ci ilin sonu və 2016-cı ilin əvvəlində Azərbaycan hökuməti bəzi insan haqları müdafiəçilərini azad etsə də, çoxları hələ də həbsdədir, ya da ölkədən qaçmalı olub. Amma hakimiyyət xarici ölkələrdən fəaliyyətə cəhd edənlərə də mane olur, onların yaxınlarını təqib edir, bəzilərinin yaxınlarına qarşı cinayət işi qaldırılır.