Ekspertlər isə həmişə belə bir ortaq qənaəti paylaşıblar ki, dövlət sahibkar olmamalıdır. Yəni, fermer təsərrüfatları, əkinlər özəl təşəbbüsün nəticəsində olmalıdır. Hökumətin indiyə kimi də, belə təşəbbüsləri olub və bu, dövlətin adına bağlanıb. Hökumət taxıl ehtiyacını ödəməkdən ötrü özəl sektorun təşviqindənsə, büdcə vəsaiti hesabına taxılçılıq təsərrüfatları yaratmağa üstünlük verib.
İqtisadçı ekspert Rövşən Ağayev “Facebook” səhifəsində yazır ki, belə görünür, yerli icra hakimiyyətləri artıq sırf təsərrüfatla məşğul olan quruma çevrilir: “Bazar iqtisadiyyatı, azad sahibkarlıq, özəl sektor bu prosesin harasında qaldı, bunu bir qədər sonra – sel dayananda biləcəyik. Amma baxın, hamının maşını düz sürdüyü yolda arxa-arxaya maşın sürmək olarmı? Olar, amma nəticələri çox pis qurtarar”.
Ekspert bildirir ki, ölkədə regional inkişaf gücləndirilmədən, beynəlxalq təcrübədə artıq prioritet olan “sektorial inkişaf” yanaşmasından “bölgə inkişafı” yanaşmasına keçid təmin edilmədən, regionlara sosial-iqtisadi muxtariyyət verilmədən, rəqabət qabiliyyətli bölgə iqtisadiyyatı formalaşdırılmadan aqrar sektora çəkilən xərclər və zəhmətlər hədər gedəcək: “Fürsətləri imkanlara çevirməyin yolu heç də təkcə böyük sərmayələrdən keçmir”.
R.Ağayev qeyd edir ki, bu işlərin düsturu bəllidir:
Effektiv idarəetmə+azad təşəbbüskarlıq+sərmayə = İnkişaf