Hər kəs bir-birindən tez-tez qarşıdan gələn üçüncü devalvasiya haqqında soruşurlar. Bu suala bankirlər cavab verməlidirlər
“AccessBank”ın İdarə Heyətinin sədr müavini Anar Həsənov bu məsələyə münasibət bildirib.
Anar Həsənov bildirib ki, milli valyutanın daha da zəifləyib-zəifləməyəcəyi konkret bir amildən asılı deyil:
“Sentyabr ayında dollarla əlaqədar yaşanmış ajiotajı da insanlar devalvasiya adlandırırdılar. İlk iki devalvasiya şok devalvasiyası, son hadisələr isə, sürünən devalvasiya adlandırıldı. Mənim üçün üzən məzənnənin məqsədlərindən biri ondan ibarətdir ki, milli valyuta öz ədalətli tarazlığını tapsın. Bundan sonra manat daha cazibədar olacaq. Makroiqtisadi cəhətdən isə ortamüddətli perspektivdə daha yüksək rəqabət qabiliyyətinə malik yerli məhsul əsasında ölkəmiz idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsinə daha asan nail olacaq.
Milli valyutanın daha da zəifləyib-zəifləməyəcəyi konkret bir amildən asılı deyil – bunun təhlili üçün bir çox amillər diqqətə alınmalıdır. Bizim iqtisadiyyatımız ciddi şəkildə idxalyönümlüdür. Malların alışı və ölkəyə idxalı üçün valyuta lazımdır və bu valyuta ölkəyə əsasən enerji resursların satışından daxil olur. Bu gəlirlər bir neçə il ərzində ciddi şəkildə azalıb. Əvvəllər ölkənin valyuta gəlirləri ilə xərcləri arasındakı fərq müsbət idi. Bu fərq ehtiyatlar qismində toplanılırdı. Son dövrlərdə enerji resurslarının qiymətlərinin bir neçə dəfə aşağı düşməsi ölkənin valyuta gəlirini çox azaldıb və bu, idxalın əvvəlki səviyyədə qalması şəraitində manatı bu dərəcədə yükləyib.
Bu baxımdan, idxal əvəzləşdirilməsinə və həmçinin yerli istehsalçıların qorunması üçün daha universal üsullara yönəlmək lazımdır. Bu isə, son nəticədə, manata dünya valyutaları ilə müqayisədə öz ədalətli məzənnəsini tapmasına kömək edəcək.
“Üçüncü devalvasiya olacaqmı?” sualına birmənalı cavab vermək mümkün deyil. Odur ki, gəlin, hamımız bazarda baş verən prosesləri diqqətlə izləyək və bazardakı vəziyyətin daha tez düzəlməsi üçün əlimizdən gələni əsirgəməyək”. /APA