Arif Hacılı, Gözəl Bayramlı və Nurəddin Məmmədliyə “facebook” statuslarında, dini eksremizmi dəstəkləmək, ”Nardaran işi” üzrə həbs olunanları müdafiə etmək və dövlət lehinə çağırış məqamlarının olduğu bildirilib
Oktyabrın 14-də Müsavat Pariyasının başqanı Arif Hacılı, AXCP sədrinin müavini Gözəl Bayramlı və partiyanın Ali Məclisinin sədri Nurəddin Məmmədliyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində(BMCMİ) xəbərdarlıq olunub.
Onlara “facebook” statuslarında, şərh və yazılarında dini ekstremizmi dəstəkləmək, “Nardaran işi” üzrə həbs olunanları müdafiə etmək və dövlət leyhinə çağırış məqamlarının olduğu bildirilib və yazdıqları statuslara görə xəbərdarlıq edilib.
Müsavat Partiyasının başqanı sözlərinə görə, idarədə bəzi mərkəzlərin Azərbaycanda dini radikalizmi qızışdırmaq planlarının olduğunu dedilər: “Dedilər ki, əgər Müsavat Partiyasının belə radikallarla əlaqəsi olduğu aşkarlansa, sərt tədbirlər görüləcək. Mən cavab verdim ki, biz Müsavat Partiyasının proqram və nizamnaməsinə əsaslanıb fəaliyyət göstəririk, onu oxumaq lazımıdr”.
AXCP sədrinin müavini Gözəl Bayramlı “Turan” agentliyinə açıqlamasında deyib ki, o, BMCMİ-nin xəbərdarlığı ilə razılaşmayıb: “Dedim ki, dövlətin yox, bu rejimin apardığı siyasətin əleyhinə mübarizə aparıram və bundan sonra da mübarizəmi davam etdirəcəm”.
AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədliyə də “facebook” statusları və “Nardaran işi” ilə bağlı məhkəmədə iştirakı barədə xəbərdarlıq edilib.
“Onlara dedim ki, mən dinc yolla mübarizəni dəstəkləyirəm və bundan sonra da dəstəkləyəcəm. Yazılarım və statuslarım isə analitik məzmun daşıyır. Onlarda dini ekstremizmə və dövlət quruluşu əleyhinə çağırışlar yoxdur”, – N.Məmmədli qeyd edib.
N.Məmmədli hesab edir ki, hakimiyyət AXCP-nin dini ekstremist qruplarla əlaqədə olması haqda mif yaratmaq istəyir.