Milli Şuranın sədri, tarixçi-professor Cəmil Həsənli həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində yenidən həbs-qətimkan tədbiri seçilməsini pisləyib.
C.Həsənli keçmiş nazirə bu münasibəti ölkənin hüquq sisteminin rəzalət içində olmasının göstəricisi kimi dəyərləndirib: «11 il ağır şəraitdə günə-gün cəza çəkən yaşlı bir insan həbs müddətinin bitməsinə 9 gün qalmış yeni həbs cəzası alır. Adamın həbs yerində yenidən həbs edilməsi qisasçılığın hüquq müstəvisinə transferini açıqca ifadə edir».
Daha sonra o, bir neçə ilə öncə dövlət başçısı İlham Əliyevin ölkədə hüquqi dövlətin qurulması, məhkəmələrin müstəqil olması və narazı qalanların Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilməsi haqda bəyanatını xatırladır: «Əli İnsanov etdi və Strasburq məhkəməsi dörd il öncə onun günahsızlığı haqqında qərar verdi. Bu dörd il ərzində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı icra olunmadı. Üstəlik, iki gün əvvəl heç bir hüquqa sığmayan saxta ittihamla 70 yaşlı adam haqqında Qaradağ Rayon Məhkəməsi yeni həbs-qətimkan tədbiri seçdi. Açıq-aydın görünür ki, onun azadlığa çıxmasının qarşısını almaq üçün bu gülünc şərləmə məhkəmə hökmü ilə «möhkəmləndirilib»».
Görünür, kimlərsə 11 il ərzində hakimiyyətdən aman diləməyən, həbsxana divarları arasında əzmi və iradəsi daha da möhkəmlənən Əli İnsanovun azadlığa çıxmasından bərk narahatdır.