Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.
Bu barədə AzadlıqRadiosuna Eldəniz Quliyev özü məlumat verib.
O bildirib ki, telefon vasitəsilə sabah (oktyabrın 14-də) səhər saatlarında idarəyə gəlməsi istənilib. Amma çağrılmanın səbəbi barədə heç nə deyilməyib.
Eldəniz Quliyev 2014-cü il oktyabrın 30-da daxili işlər naziri Ramil Usubovun iddiası əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1000 manat cərimə və 480 saat ictimai işlər cəzasına məhkum edilmişdi.
Daha sonra o, ötən il dekabrın 3-də sərhəddə, İrana gedərkən saxlanılaraq polisə təhvil verilib. Bir gün sonra polis bunu «texniki səhv» adlandırıb, üzr istəyib.