Real Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli isə dövlət başçısının son çıxışında ölkədə fındıq, badam, pambıq və zeytun sahələrinin inkişafının önəmli olduğunu, şərabçılığın inkişaf etdiriləcəyi ilə bağlı fikirləri şərh edib. Bildirib ki, bu cür hədəflərin olması müsbət haldır, amma reallıq başqadır:“Bu sahələrın ciddi inkişafına (hər şey doğru ediləcəyinə şübhəm var-N.C) 5-7 il lazımdır, bəs bu zaman kəsimində ölkə nə ilə dolanacaq? Bu sahələrdə dünya bazarında ciddi rəqabət var, biz isə son 23 ildə rəqabəti tamam unutmuşuq, çünki satdığımız tək neft olub, onu da ingilis çıxarıb, daşıyıb, satıb, öz payını götürəndən sonra pulunu hökumətə verib, hökumət də xərcləyib. Yəni, idarəçilik sistemimiz rəqabət qaydalarına uyğun qurulmayıb”.N.Cəfərli deyib ki, sadalanan sahələrin hamısında tək dünyada deyil, elə bölgəmizdə də ciddi rəqiblərimiz var:
“Gürcülər 10 ildir şərabçılığı inkişaf etdirir, hələ indi ilə 250-300 mln. dollarlıq dünyaya şərab sata bilir. Dünyada bu bazar çox sıxdır. Məsələn, Çili cəmi 3 avroya Avropaya şərab satır və ya İspaniya mağazalarında 1,5 avroya yerli şərab var, biz bu rəqabətə dözə biləcəyikmi? Ciddi və cavabsız sualdır.
Fındıq, zeytun və badamda Türkiyə ilə rəqabət apara biləcəyikmi? Bu sualın cavabı yoxdur.
Pambıqçılığa ümid edirlər, bilirlərmi ki, Özbəkistan ilə 3,5 mln. (!!!) ton pampıq yığır, amma bunun büdcəyə gəliri cəmi 1,2 mlrd. dollardır?
Əsas problem heç saydıqlarım da deyil, əsas əngəl idarəçilik sisteminin köhnə və yararsız olmasıdır. Dövlət bütün sahələrdə əsas oyunçu olmağa çalışır. Amma bu, səhv və ziyanlı yoldur, nəticədə bu sahələrin inkişafına milyardlarla manat dövlət vəsaiti ayrılacaq, həmin vəsait korrupsiya və yararsız idarəetmə sistemində effektsiz xərclənəcək, ölkəyə heç bir xeyri olmayacaq”.
N.Cəfərli sonda qeyd edib ki, dövlət iqtisadiyyatda əsas oyunçu olmaqdan vaz keçməli, ədalətli və rəqabətli biznes mühiti yaradıb, düşünülmüş və son məhsulun kəmiyyətinə, keyfiyyətinə hesablanmış təşviq proqramları təklif etməli, ağıllı vergi-gömrük siyasəti aparmalıdır. Sivil dünyanın uğur qazandığı yol budur, bundan başqa yol yoxdur.