Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədri Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Fasilə zamanı çıxış edən Taleh Bağırzadə deyib ki, sovet ideologiyası dəyişməyib: “Onlar necə evlərdə məclis keçirməyə qadağa qoyurdusa, bunlar da elə edirlər. Peyğəmbər deyib ki, kim haramı halal edən, haqsızlıq edən hakimə qarşı çıxmırsa, onların ikisini bir yerdə cəhənnəmə atacaqlar. Yezid də belə olduğu üçün İmam Hüseyn etiraz etdi. İmanı olan bir kəsin xalqına xəyanət etməsinə inanmıram. Vətəni, xalqı sevmək imandandır. Bu gün cəmiyyətdə siyasət müqəddəsləşməlidir”.
İclasda noyabrın 5-də baş vermiş hadisələr zamanı saxlanılan, hazırda həbsdə olan Anar Əliyev şahid qismində ifadə verib. O bildirib ki,ittihamların hamısı saxtadır: “Noyabrın 5-də getdik idarəyə ki, Elçin Qasımovun həbsinin səbəblərini öyrənək. Səhlab Bağırov polislərə dedi ki, tapdalayın bunları. Biz heç kimə daş atmamışıq. 60 yaşlı kişini də tutub basıblar içəri. Bizim basqın etmək fikrimiz olsaydı, yaşlı kişi ilə ora getməzdik. Dəfələrlə polislər dindarları qanunsuz yerə həbs edib, boyunlarına silah, narkotik qoyublar. Qanunla işləsəydilər biz də oraya getməzdik. Sabunçu rayon Polis İdarəsində polis rəisinin müavini Şaiq işgəncə verirdi. Talehin əleyhinə ifadə almaq istəyirdilər. Bizi əlimiz qandallı yerə yıxıb tapdalayırdılar. Neçə nəfərin şalvarın çıxartmışdılar. Söyüb təhqir edirdilər. Şaiq deyirdi ki, sizi axtalayacam. Ağzımızdan qan gəlirdi. Sonra bizi soyuq yerdə səhərə kimi saxladılar. Təbii ehtiyacımızı ödəməyə belə imkan vermədilər. Nardaran hadisələrindən sonra isə “Banditizm”də işgəncələr başladı. Bizə “tok” verirdilər. Kərim Əlimərdanov işgəncə verənlərin başında dayanırdı. Deyirdi, Talehdən əmr aldığınızı deməsən atanı gətirib nakotik qoyacam boynuna”.
Vəkillərin sualların cavablandıran şahid deyib ki, Taleh Bağırzadə hər zaman insan haqlarının qorunmasından, dindən danışıb və dövlət çevrilişi ilə bağlı çağırışlar etməyib: “Bizim məqsədimiz Azərbaycanda həbsdə olan demokratiyanı azad etməkdir. Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayev mənə hökm oxuyanda deyir ki, sənə iş verirəm ki, içəridəkiləri islah edəsən”.