Professor Cəmil Həsənlinin Meydan TV-yə müsahibəsindən:
– Sosial-iqtisadi böhran getdikcə dərinləşir. Hökumətin atdığı addımlar effektli nəticələr vermir. Nə gözlənilir?
– Bilirsiniz, İlham Əliyevin başçılıq etdiyi hakimiyyətin anti-böhran konsepsiyası, hökumətin bacarıqsızlığı ucbatından xalqı qəflətən yaxalamış böhrandan çıxmağa yetərli siyasi iradəsi, bu prosesi aparmaq üçün vacib olan intellektual potensialı və ən nəhayət, aydın iqtisadi təsəvvürü yoxdur. Cənab İlham Əliyev neftin qiymətinin düşməsini 2030-cu ildə, Əli Həsənov isə Rövnəq Abdullayev demişkən, “iyirmi iyirminci” ildə gözləyirmiş. Bunu dünya iqtisadi meyllərindən xəbəri olmayan kimsə deyə bilər, amma xalqın taleyinə cavabdeh olanların bu cür danışması onların ölkənin əsas gəlir mənbəyi olan bir məhsul ətrafında dünyada gedən proseslərdən nə qədər xəbərsiz olmalarının göstəricisidir. Əgər hələ 2011-2012-ci illərdə Azərbaycan Ziyalı Forumu akademiyanın müxbir üzvü, professor Rafiq Əliyevin dəqiq hesablamaları əsasında 2014-cü ilin sonlarından neftin qiymətinin və hasilatının azalacağı haqqında xəbərdarlıq etdisə, dövlətin iqtisadi qurumları, proqnoz mərkəzləri nədən bu böhranın 2030-cu ildə olacağın gözləyirdi? Həyat göstərdi ki, cənab Əliyevin iqtisadi təhlillərinin hüdudları elə də geniş deyil və bu, bir tərəfdən onun böhran şəraitində atdığı addımların effektliliyin aşağı salır, digər tərəfdən isə kifayət qədər əsaslandırılmamış sosial-iqtisadi ekspermentlərin bədəlini son nəticədə millət və dövlət ödəməli olur. Məsələn, penoplast istehsalına başladılar, bina yandı, çoxlu insan həyatını itirdi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı xərclənmiş 50 milyard dollara yaxın vəsaitin faydalılıq əmsalı son dərəcə aşağı oldu. Böyük vəsaitlər qoyulsa da, Naxçıvan “Naz Lifan” Zavodunun iqtisadi səmərəliliyi yoxdur və gözlənilmir də. İstehsal olunan bir şeyin bazarı olmalıdır, kampaniya, çağırış, göstərişlə dövlət vəsaiti hesabına beş-on maşın satmaqla iş düzəlmir. Eyni uğursuzluq Neftçala Sənaye Məhəlləsində “Azevrocar” MMC şirkətinin “İran Khodro” şirkəti ilə birgə tikdiyi avtomobil istehsalı zavodunu da gözləyir. Əgər İran özü həmin maşınları beynəlxalq bazara çıxara bilmirsə, hazır hissələri İrandan gətirib Neftçalada yığmaqla Azərbaycan onu hara çıxara biləcək? Şirin vədlər verilsə də, qeyri-neft sektoru söz olaraq qaldı. Böyük neft pullarının səmərəsiz dağıdılmasından sonra tut ağacı basdırmaq, pambıq əkmək hesabına ölkəni böhrandan çıxarmağa ümid bəsləmək səmimi bir illüziya təsiri bağışlayır. Bu adamlar elə bilirlər ki, sərəncamla pambıq yetişəcək və bunlar da onu satıb ölkəyə valyuta gətirəcəklər. Pambığın valyuta bazarına uzun yolu və keçiləsi çoxlu mərhələləri var. Hazırda Azərbaycan rayonlarında pambıq əkinin infrastrukturu demək olar dağılıb. Onun bərpası, torpaqların əkinə hazırlanması böyük kapital qoyuluşu tələb edir. Bunlar təmin edilmədən ciddi nəticə sadəcə olaraq mümkünsüzdür.