“Elman Rüstəmov 4 gündən sonra nə baş verəcəyini bilmirsə, o kresloda niyə oturub?”

"Elman Rüstəmov istefa verməlidir..."

İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun “Bank Standard” QSC ilə bağlı dəyişik qərarları ilə bağlı açıqlama yayıb

“26 sentyabr, 2016-cı il. MB rəhbəri Elman Rüstəmov: “Bank Standard” QSC-nin sağlamlaşdırılmasına başlanılıb və bütövlükdə digər bir dövlət bankı vasitəsilə Mərkəzi Bank əhəmiyyətli likvidlik verib, hazırda bu proses davam etdirilir.
30 sentyabr, 2016-cı il. Rəsmi məlumat: Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir”.Ekspert sual edir ki, Elman Rüstəmov 4 gündən sonra nə baş verəcəyini bilmirsə, o kresloda niyə oturub?:”Mərkəzi Bank kimi vacib, nüfuzlu bir qurumun rəhbərinin hər kəlməsi “1 ton qızıl” qiymətində olmalı, bazarlara sözlü müdaxilələri “zəlzələ” effekti yaratmalı, güvən mənbəyinə çevrilməlidir. Elman müəllim isə nə deyirsə, tərsinə olur, bank bağlanmadan cəmi 4 gün öncə adam bəyan edir ki, “Bankda kəskin vəziyyət aradan qaldırılıb” və sonra bank bağlanır. Heç kimə belə gülünc vəziyyətə düşməyi arzulamaram, vəzifəsinə hörmət edən şəxs belə durumdan sonra, istefa verməlidir…”

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən 30 sentyabr 2016-cı il tarixində “Bank Standard” QSC-nin lisenziyası ləğv edilib.