Baş prokuror Zakir Qaralov sabiq nazir barəsindəki yeni ittihamlara münasibət bildirib. Əli İnsanov cinayət törətdiyi üçün barəsində yenidən cinayət işi başlanıb: “Başlanmış cinayət işi üzrə nə demək olar? Cinayət törətməsə, cinayət işi də başlana bilməz. Cinayət törədibsə, istintaq olunmalıdır”.
Hüquqşünas Müzəffər Baxış bildirdi ki, İnsanov barəsində yeni cinayət maddələri üzrə həbs qətimkan tədbiri seçilməsə, o, azad oluna bilər: “Onun həbs müddəti oktyabrın 20-də başa çatır. İndi problem ondan ibarətdir ki, ona qarşı yeni cinayət işi qaldırıblar. Amma onun barəsində hələ həbs qətimkan tədbiri seçilməyib. Əgər bu qərar seçilərsə, o cəza müddətinin başa çatmasına baxmayaraq, azad edilməyəcək. Onu məhz yeni cinayət maddələrinə görə 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüblər. Əgər cəza müddəti başa çatandan sonra onun barəsində yeni cinayət maddələri üzrə həbs qətimkan tədbiri seçilməsə, o zaman cəzaçəkmə müəssisəsindən azad oluna bilər. Onun barəsində həbs müddəti başa çatandan sonra, əgər həbs qətimkan tədbiri seçilərsə, artıq bunun zamanı hesablanacaq. İstintaq müddəti davam etdiyinə görə, həbs müddəti başa çatandan sonra onu azadlığa buraxmayacaqlar. İstintaq təcridxanasında saxlanılacaq və iş məhkəməyə göndəriləcək. Amma barəsindəki həbs qətimkan tədbirini digər qərarlarla əvəz etsələr, o zaman azadlığa çıxa bilər. Hesab edirəm ki, onun yaşını, səhhətini nəzərə alıb, yeni ittihamlar üzrə gələcəkdə məhkəmə olduqda, onun barəsində şərti cəza verilsə daha yaxşı olardı”.