Mirvari Qəhrəmanlı: Qadağa baş verən qəzaların ictimaiyyətdən gizlədilməsi məqsədi daşıyır
“Neft daşlarında baş verən qəzaların mediaya çıxmaması üçün müvafiq qurumlar sərt addımlar atır”, – Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında belə deyib.
M. Qəhrəmanlı bildirir ki, 10-cu platforma, dənizin çirklənməsi və sonrakı qəzalarla bağlı media açıqlamaları və sosial şəbəkələrdəki paylaşımları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən narazılıqla qarşılayıb:
“İyulda “Azneft” İstehsalat Birliyinin rəhbəri Daşqın İsgəndərov yazılı sərəncam verib ki, təhlükəsizlik, yanğından mühafizə məqsədilə dəniz platformalarına telefon aparılması qadağandır. Bununla əlaqədar mən SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlova məktub göndərdim. İş zamanı mobil telefon qadağası ilə razıyam. Ancaq platformaya gedən insanlar 15 gün ailələrindən təcrid olunurlar. Onların telefon götürməsi anlayışla qarşılanmalıdır”.
Hüquq müdafiəçisi bildirir ki, tədbirlərin birində “Azneft” İstehsalat Birliyinin rəhbəriylə görüşüb:
“O, bütün platformalarda stasionar telefon qoyulduğunu və onun vasitəsilə ailələrlə əlaqə yaradılacağına heç bir problem olmayacağını dedi. Telefon qoyulması barədə məlumat doğru idi. Sentyabrın 28-də məlumat aldım ki, Daşqın İsgəndərov “28 may” NQÇİ-ə telefon gətirməyi qadağan edib, bu isə heç bir ölçüyə uyğun deyil. Çünki orada əhali də yaşayır. Onlardan telefonu necə alacaq? Eyni zamanda, ora böyük bir adadır, həmin adaya telefon aparmağı qadağan etmək anlaşılan deyil. Yaxşı, şəkil çəkən telefonlara qadağa qoyurlar, bəs adi telefonlara nə deyəsən? Adicə SMS yazmağa da qorxurlar. Bu barədə aidiyyatı qurumlara müraciət etmişəm. Hələ ki reaksiya yoxdur”.
Mirvari Qəhrəmanlı baş verənlərlə bağlı Rövnəq Abdullayevdən çox Daşqın İsgəndərovu günahkar sayır: “Çünki neft-qazçıxarma idarələri İsgəndərova tabe olduğundan baş verən qəzaların məsuliyyəti də onun üzərinə düşür. Hesab edirəm ki, onun bu barədə əmri baş verən qəzaların ictimaiyyətdən gizlədilməsi məqsədi daşıyır”.