Qərbin Qarabağ münaqişəni həll etmək rıçaqları olmadığı üçün probleminin həlli perspektivləri görünmür.

gultekin-hacibeyli1

Gültəkin Hacıbəyli: “Rusiya Qarabağ münaqişəsində geri çəkiləcək dərəcədə zəif olmadığı üçün Qarabağ probleminin həlli perspektivləri hələ ki, görünmür”

Qarabağ mınaqişəsinin həlliylə məşğul olan 3 dövlətdən birinin rəsmisi bəyan edib ki, hazırda probleminin həlli mümkün deyil.

«Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb».

Bunu ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi  8-ci illik forumda deyib:“Müasir dünyada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”.

Azərbaycan XİN-dən reaksiya

xin

“Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan dövlət kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf məhz Azərbaycan Respublikasıdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Vyana və Sank-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq Azərbaycan münaqişənin substantiv danışıqlar yolu ilə həllinin tərəfdarıdır. KİV-ə çox məlumat verilməsə də, substantiv danışıqlar bu gün davam edir. Bu substantiv danışıqlar da, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi, qəbuledilməz və qeyri- davamlı olan status kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğalından azad olunması ilə nəticələnməlidir”.

XİN rəsmisi vurğulayıb ki, münaqişənin həlli ilə əlaqədar yeni formula və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur. H.Hacıyev bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları çoxdan məlumdur: “Bunu da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı təşkil edir». (Report)

Aprel döyüşlərində uğurlu irəliləyişimizi Ermənistan və Rusiyanın xahişi ilə dayandıran hakimiyyət daha sonra Rusiyanın təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycana 5-6 rayonun qaytarılacağını təbliğ edirdi. Amma zaman keçdikcə bu təbliğatın əsassız olduğu üzə çıxmağa başladı. Hazırda da Kerri Qarabağ münaqişəsinin həllini mümkünsüz sayır.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Kerrinin ifadə etdiyi fikir dəfələrlə vurğulanıb. Bu günün reallığından çıxış edərək başqa fikir səsləndirməyin mümkünsüz olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Qarabağ münaqişəsini yaradan rusiyadır. Həm Ermənistanı, həm Azərbaycanı təsir altında saxlamaq üçün Rusiyanın bu münaqişədən istifadə etdiyini deyən G.Hacıbəyli bildirdi ki, Qarabağ münaqişəsi rusiya üçün vaz keçilməz riçaqdır: «Rusiya butəsir vasitəsini əldən vermək fikrində deyil. Ermənistanı gücləndirməklə, hərbi balans yaratmağa çalışmaqla Rusiya tərəfləri nəzarətində saxlamaq istəyir. Bu gün Rusiya Qarabağ münaqişəsində geri çəkiləcək dərəcədə zəif olmadığı, hələ ki, bölgədə söz sahibi olduğu, Qərbin isə münaqişəni həll etmək rıçaqları olmadığı üçün Qarabağ probleminin həlli perspektivləri görünmür. Bu perspektivlər o zaman yaranacaq ki, Qərbin Rusiyanı beynəlxalq hüququn prinsipləri ilə hesablaşacaq qədər gücü olacaq. O zamana qədər isə mövcud status-kvo davam edəcək».

Aprel döyüşlərinə gəlincə isə, G.Hacıbəyli bildirdi ki, aprel döyüşləri Rusiyanın Azərbaycanın Qərblə yaxınlaşmasına cavab olaraq həyata keçirildi: «Apreldə erməni ordusu bizim mövqelərə hücum etmişdi və bizim ordunun açıq döyüşlərə girərək, düşmənə cavab verməkdən başqa çıxış yolu yox idi. Sonrakı hadisələr də sübut etdi ki, Rusiyanının razılığı olmadan Azərbaycanın siyasi rəhbərliyi əldə etdiyi uğurları da tam əlində saxlaya bilmədi. Nəticədə fəaktiki olaraq aprel döyüşlərindən öncəki status-kvoya bənzər durum hakimdir. Azərbaycan əldə etdiklərini könüllü şəkildə itirdi».