Qubad İbadoğlu: “Büdcə hesabına sərmayə qoyuluşu növbəti ildə xeyli azalacaq”
“Gələn il büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı artımı gözlənilmir. Pensiyaların isə az da olsa qaldırılması ehtimalı var”, – iqtisadçı Qubad İbadoğlunun sözləridir. O, bu barədə “Facebook” səhifəsində yazıb.
İqtisadçı bildirib ki, gələn ilin büdcəsinin xərcləri hissəsi bu illə müqayisədə 1,5 milyard manat ətrafında kiçiləcək. Bunun nəticəsində bir çox xərclər “qayçı”lanaraq, azaldılıb:
“Onlar arasında daha çox ixtisara məruz qalan investisiya büdcəsidir. Belə ki, növbəti ildə dövlətin əsaslı vəsait qoyuluşu bu ildəkindən 1 milyard 140 milyon manat və ya 38 faiz az olacaq. Bununa yanaşı, gələn il ərzində iqtisadi fəaliyyətlə bağlı sair xərcləmələr də 18,5 faiz ixtisar ediləcək. Beləliklə də, büdcə hesabına sərmayə qoyuluşu növbəti ildə xeyli azalacaq və bu son nəticədə onsuz da aşağı olan işgüzar fəallığı daha da zəiflədəcək”.
İqtisadçı deyir ki, növbəti il üçün proqnozlaşdırılan dövlət büdcəsinin xərclər hissəsində diqqəti çəkən vacib məqamlardan biri də sosial müdafiə və təminat xərclərinin 581,1 milyon manat və ya 21,5 faiz azalmasıdır:
“Belə xərc maddəsi üzrə azalma cəmi büdcə xərclərinin azalması səviyyəsindən ən azı 2 dəfə yüksək olduğundan sosial müdafiə və təminat xərclərinin ümumi yekunda payı da kiçilib. Bütövlükdə gələn il sosial müdafiə və təminat məqsədilə 2,17 milyard manat vəsait ayrılacaq ki, onun da 1 milyard 270 milyon manatı Sosial Müdafiə Fonduna (SMF) köçürüləcək”.
Qubad İbadoğlu qeyd edir ki, dövlət büdcəsindən SMF-ə gələn il köçürüləcək məbləğ bu ilkindən 160 milyon manat çox olacaq. Bununla yanaşı növbəti üçün SMF büdcəsi bu ilkindən 322 milyon manat çox proqnozlaşdırılıb:
“Bu isə pensiyaların cüzi də olsa artacağını deməyə əsas verir. Bununla yanaşı növbəti il bu ilə nisbətən ümumi dövlət xidməti xərləri 66 milyon manat, elm xərcləri isə 9,9 milyon manat, səhiyyə xərcləri 55 milyon manat, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərcləri 225,6 milyon manat az planlaşdırılıb. Belə olan halda dövlət aparatında, elmdə, səhiyyədə, təhsildə, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsində çalışanların əmək haqlarının artımı gözlənilmir. Bu sahələrdə ödənilən əməyin cüzi artımı yalnız iş yerlərinin ixtisarı hesabına təmin edilə bilər”.
İqtisadçı sonda bildirir ki, 2017-ci ildə maliyyə çətinliyi ucbatında müdafiə xərcləri 613,5 milyon və ya 27,5 faiz azalacaq.