“Hər zaman soydaşlarımıza hər kəsin öz adı ilə yaşamasının vacibliyini çatdırmaq istəyirəm”.

“Hər zaman soydaşlarımıza hər kəsin öz adı ilə yaşamasının vacibliyi, müxtəlif ölkələrdə fərqli adlarla yaşamağıq yolverilməz olması, sənədlərin saxtalaşdırılmasının cinayət məsuliyyəti yaradan əməl olduğu kimi tövsiyələr verirəm. İndi isə fərqli adlarla yaşamağın həm də insanın özü və ailəsi üçün təhlükəli olması ilə bağlı bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm.

Bu yaxınlarda ABŞ hökuməti 858 miqranta səhvən vətəndaşlıq verdiyini və həmin şəxslərin ABŞ üçün təhlükəli olduğunu bəyan edib. Bu barədə keçən həftənin çərşənbə axşamı “The İndependent” ABŞ –ın Miqrasiaya İdarəsinə istinadən məlumat yayıb. Həmin şəxslərə müəyyən müddət əvvəl ABŞ vətəndaşlığı verilməsinə baxmayaraq, şəxsiyyəti təsdiq edən sənədlərin əslini təqdim etmədiklərinə görə onların hər birinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlər sona qədər davam etdirilib.

Nəticədə onların saxta adla (ad, soyad, ata adı), fərqli doğum tarixi ilə, bəzilərinin isə doğulduğu deyil, başqa ölkədə doğulmasını müəyyən edən sübutlar əldə edilib. Saxta adlar və sənədlərlə vətəndaşlıq alanlardan 3 nəfəri məxfi məlumatlara buraxılışı olan dövlət qulluğuna, onlardan biri isə polis orqanlarında işə düzələ bilib. Saxta məlumatlar əsasında müvəqqəti və ya daimi yaşamaq hüququ, daha sonra vətəndaşlıq alanların vətəndaşlığı ləğv edilib, bəziləri barəsində ölkədən cıxarılması haqqında qərar da qəbul edilib”.

Bunu Azərbayccan Miqrasiya Mərkəzinin hazırda Almaniyada yaşayan rəhbəri Əlövsət Əliyev bildirib.

Onun sözlərinə görə,  onların arasında Azərbaycan Respublikasının vətəndaşının olduğuna dair qeyri-rəsmi məlumatlar var: “Eyni araşdırmalar davamlı olaraq Avropada ölkələrində həmçinin, Almaniyada aparılır. Odur ki, dövlət orqanlarına müraciət zamanı öz adınızla müraciət edin və saxta səndlərdən istifadə etməyin, sizə saxta sənəd tövsiyə edənlərin vədlərinə inanmayın. Unutmayın ki, illərdən sonra bunun ağrısını yaşamaq sizinlə yanaşı ovladlarınıza da ağır sarsıntı yaşada bilər”.