Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik üçün keçirilən referendumda baş verən qanun pozuntuları ilə bağlı daxil olan məlumatlar:
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 saylı seçki məntəqəsi. Eyni adam eyni məntəqədə iki dəfə səs verir.
Əvvəlcədən kəsilən bülletenlər, səsvermə otağına baxan kameralar, bir seçiyə verilən iki bülleten, səsverməni görməyən müşahidəçilər və ultrabənövşəyi lampa ilə seçicinin əvvəl səs verdiyini göstərən bənövşəyi rəng amma yenidən məntəqəyə qəbul edilib, səs verənlər.
Seçici Meydan TV-yə video göndərərək bildirir ki, seçki qutusuna topa bülleten atan şəxs 19 saylı Nərimanov 1-ci seçki dairəsinin 23 saylı seçki məntəqəsinin sədri Şəlalə Mirzəliyevadır.
11 saylı Qaradağ seçki dairəsinin 14 saylı məntəqəsində səsvermə davam edən zaman bir nəfər seçki qutusunu aparır, daha sonra dolu gətirib yerinə qoyur.
15 saylı Yasamal I seçki dairəsi, 21-ci məntəqə. Məntəqə komissiyasının üzvü qutuya bülleten atır. Həm də bir neçə dəfə.
Seçici deyir, ‘karusel var’, sədr deyir ‘yox’
Seçicilərdən Cavid Hacıbəyli Ağcabədi rayon 82 saylı Seçki Dairəsinin 1, 3 və 9 saylı seçki məntəqələrində referendum zamanı «karusel»dən istifadə edildiyini deyir. «Rayondakı Pedaqoji Kollecin tələbələrini «karusel»ə cəlb ediblər. 600-ə yaxın tələbədir, onlardan bu məqsədlə istifadə edirlər. Bir yox, bir neçə məntəqədə səs verirlər».
Həmin dairədə 1 saylı məntəqənin sədri Tariyel Abbasov isə deyilənlərin yalan olduğunu bildirir: «Ümumiyyətlə, belə hal baş vermir, burada müşahidəçilər də var. Bu deyilənlər əsassızdır».
Məntəqələrdə “Karusel” səsvermələri barədə xəbərlər gəlir
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Yeni Yasamalda yerləşən Laçın rayon 121 saylı Seçki Dairəsinin 1 saylı məntəqəsində müşahidələrini aparıb: “Bülletenlər topa-topa atılır, bir nəfərə bir neçə bülleten verilir. Şəxsiyyət vəsiqəsi tələb edilmir, adamları maşınlarla səsverməyə gətirirlər. Aparıb digər məntəqələrdə səs verdirilər, əlqərəz, “karusel ” bütün gücü ilə işləyir ”- deyə O, qeyd edib.
Hələlik, Laçın rayon 121 saylı Seçki Dairəsinin 1 saylı məntəqəsinin rəsmilərindən jurnalistin dediklərinə münasibət öyrənmək mümkün olmayıb.
Bir seçicidə 3 bülleten
“Sumqayıt şəhər 41 Saylı Seçki Dairəsindəki 19 saylı məntəqədə bir nəfərə 3 bülleten verilir”.
Bunu seçicilərdən Azadlıq Radiosuna Fidan Həsənzadə bildirib.
Onun deməsinə görə, əlində 3 bülleten olan şəxslərdən biri səsvermə kabinəsinə keçmək istəyəndə onu saxlayıb: “Dedim ki, əlində neçə bülleten var. Cavab verdi ki bir. Baxdıqdan sonra gördüm ki, üç bülletendir. İkisini alıb, gəldim məntəqə sədrinin yanına. Dedim ki, bu nədir edirsiniz?
Cavabı bundan ibarət oldu ki, “yəqin səhv olub. Belə şeyə yol vermirik ”.
Hələlik, məsələyə Sumqayıt şəhər 41 Saylı Seçki Dairəsindəki 19 saylı məntəqənin üzvlərindən münasibət almaq mümkün olmayıb.
”Müəllimlər valideynləri səsverməyə gətirir”
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahına seçki saxtakarlığı ilə bağlı ilk məlumat Bakı şəhəri Suraxanı rayonu ərazisindən daxil olub. Bu barədə qərargahın mətbuat üçün yaydığı ilk məlumatda bildirilir.
Qeyd olunur ki, saat 7.30-da rayon ərazisindəki 105 saylı MKİS-in işçilərinə səsverməyə gedəcəkləri məntəqələrin siyahısı təqdim edilib və onlara “karusel” əməliyyatını yerinə yetirmək üçün müvafiq tapşırıqlar verilib.
Binəqədi rayonunda 8 saylı Binəqədi birinci seçki dairəsinin ərazisində yerləşən məktəblərdəki məntəqə seçki komissiyalarına daxil olmayan, lakin həmin məktəbdə işləyən müəllimlərin hər birinə 6 valideyni səsverməyə gətirilməsi tapşırığı verilməsi haqqında məlumat yayılıb.
“59 saylı Salyan seçki dairəsinin 2, 3, 4, 5 və 7 saylı seçki məntəqələrinin ərasizində müşahidə aparan seçicilərdən daxil olan məlumata görə, 4 saylı seçki məntəqəsində “karusel” həyata keçirilir, 3 saylı seçki məntəqəsində təhsil işçiləri və bu ərazidən xeyli kənarda yaşayan və adları seçici siyahılarında olmayan bir neçə şəxs səsvermədə iştirak edir. 3 saylı seçki məntəqəsində saat 12.00-da 343, 5 saylı seçki məntəqəsində seçicilərin sayı 430 deyilsə də, saatyarımlıq müşahidə zamanı müvafiq olaraq bu məntəqələrdə 8 və 5 nəfər seçici olub. 2 və 7 saylı seçki məntəqələrində isə 1 saat ərzində 3 seçici gəldyi bildirilir. Artıq bu anda 2 saylı seçki məntəqəsinin qarşısında “karusel” iştirakçıları peyda olublar”- qərargahdan bildirilir.
60 saylı Salyan-Neftçala seçki dairəsinin 13 və 14 saylı seçki məntəqələrinin yerləşdiyi məktəbin ərazisində müşahidə aparan seçicinin qərargaha verdiyi məlumata görə, saat 11.00-dan 12.00-dək məktəbin binasına yalnız 2 seçici daxil olub.
Topa bülletenlər…
Bəzi seçicilərin bildirməsinə görə, Xırdalan şəhərindəki 45 saylı Abşeron Seçki Dairəsinin 11 saylı məntəqəsində bir sıra pozuntu halları baş verib. Şikayətçilərin deməsinə görə, bu məntəqədə bülletenlər topa şəklində seçki qutusuna atılır.
Ancaq «Turan»ın sorğusuna cavab olaraq məntəqədən belə məlumatları təkzib ediblər. Komissiyadan bildiriblər ki, həmin məlumatların heç bir əsası yoxdur.
11 saylı məntəqə Xırdalan şəhər 3 saylı məktəbdə yerləşir.
Vətəndaşlar səslərini verib ismarıclarını seçki bülletenlərinə yazıblar
Ağcəbədi sakini məlumat verir: Bu avtobusun içindəkilər Ağcabədi Pedaqoji Kollecinin tələbələridir, məntəqə-məntəqə gəzdirib karusel üsulu ilə saxtakarlıq etdirirlər. (mənbə AXCP Gencler Komitesi)