Mayın 10-də müstəqil jurnalist Günel Zamanova Nərimanov Rayon Polis İdarəsinə çağlrılıb. Onun polisə çağırılmasına səbəb bir neçə gün öncə xebername.info saytında yayımlanan “Naxçıvan hakimiyyətinin PKK əlaqələri” adlı yazısı olub. Həmin yazıda Naxçıvan Ali Məclisinin yaxın qohumlarının adları çəkilib. Günel Zamanova deyir ki, ona zəng edərək polisə gəlməli olduğunu bildiriblər:
” Adını səhv etmirəmsə İlqar müəllim dedi. Dedi ki Naxçıvan haqda yazıda adı keçənlərdən biri məndən şikayət edib və buna görə mən ayın 11-si gəlib polisdə izahat yazmalıyam. Bir neçə dəfə şikayətçinin konkret kim olduğunu soruşdum, dedi ki bura gələndə biləcəksən. O zaman dedim ki, rəsmi çağırış göndərin. Bundan da imtina edib məni hədələməyə başladı. Dedi ki kimlərə ilişdiyini özün yaxşı bilirsən. Elə bilmə ki səni boş buraxacaqlar. Gəlib izahat yazmalısan, mənə artıq problem çıxarma. Dedi ki, bu rəisin göstərişidir, getməsəm arxamca polis göndərib zorla apartdıracaq. Bur jurnalistin bu şəkildə polisə çağrılması Azərbaycanda söz azadlığına olan münasinəti ortaya qoyur. Bu Talıbovların sifarişidir. Onlar Naxçıvanla bağlı tənqidi yazılara dözümsüz yanaşırlar. Əgər bir jurnalist yazısına görə polisə çağırılırsa hansı azad sözdən danışa bilərlər. Əgər yazıda mübahisəli məqam varsa qoy məhkəməyə versinlər araşdıraq. Mən öz hüquqlarımı bilirəm”.
Əməkdaşımız məsələ ilə bağlı münasibət öyrənmək üçün Nərimanov RPİ-nə zəng vurub. İdarədən heç bir məlumat verə bilməyəcəklərini, DİN mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət gördülər. DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə də bu məsələ ilə bağlı hələlik məlumat verə bilməyəcəklərini dedi.
Xatırladaq ki, Günel Zamanova Naxçıvanda üzləşdiyi təzyiqlərdən dolayı bir müddət öncə oranı tərk edib Bakıya köçməyə məcbur olub.
Xebername.info O. Xəyal