Vasif Talıbovun Naxçıvan sakinlərinə tətbiq etdiyi ağlasığmaz qadağalar onun feodal düşüncə tərzindən irəli gəlir. Bu qadağaların bəziləri rəsmi, bəzisi də qeyri-rəsmidir. Naxçıvanın əhalisinin 70 faiz boşalmasının bir səbəbi də məhz bu qadağalardır. İndi sayacağım qadağalar normal insan təfəkküründən qat-qat uzaqdır. Yenə qeyd edirəm ki, bu qadağaları yalnız feodal təfəkkürlü biri tətbiq edə bilər.
Başlayaq hərbçilərdən. Naxçıvanda hərbiçiləri şəxsi avtomobillərin sükanı arxasında otura bilməz. Buna icazələri yoxdur. Bu yasaq ordu komandanlığından yox , mülki hakimiyyətindən qaynaqlanır. Hərbiçilər hətta mülki formada belə avtomobil idarə edə bilməzlər. Belə hal aşkarlanarsa, avtomobili hərbi polis müsadirə edir, hərbiçi isə, cəzalandırılır. Şəxsən şahidi olduğum bir hadisədir. Bu yaxınlarda tanıdığım bir hərbçi bahalı maşın alıb və bir müddət keçəndən sonra şəhərdə mülki geyimdə maşını idarə edərkən hərbi polislər onu tanıyıb, saxlayıblar. Ona 15 sutka həbs cəzası verdilər, maşınını isə, müsadirə etdilər. Sonradan maşının taleyi ilə maraqlananda məlum oldu ki, onu hissələrə bölüb, yerə basdırıblar. Yəni qisas alıblar ondan.
Naxçıvan bir qadağa da var. Təndir qadağası. Kimin ki, həyətindən təndir tüstüsü qalxdı, dərhal gəlib sahibin həbs edirlər. Səbəsə sadədir. Bu Vasif Talıbovun biznes maraqlarına toxunur, ona görə.
Bir neçə il əvvəl Naxçıvanda çoxlu çörək sexləri açıldı. Amma bu biznesin sahibləri unudurdular ki, əhalinin böyük bir hissəsi öz tələbatlarını dədə-baba qaydası ilə – təndir çörəyi hesabına təmin edirlər. Onların sexindən çörək alan az idi. Sexlərdə bişirilən çörəyin satışını artırmaq üçün müxtəlif üsullara əl atırdılar, amma nəticəsi olmurdu. Təndir qadağaaına səbəb məhz bu oldu. Hətta bəzi kəndlərdə hətta təndirləri torpaqla doldurub və ya uçurublar. Elə bilməyin ki, çörək məsələsinə bununla son qoyuldu. Təndir yasağı çörək sexlərin bazarına elə də təsir etmədi. Təndirlərini itirənlər çörəyi yenə də evdə bişirməyə davam edirdilər. Bundan sonra daha dəhşətlisi oldu.
Naxçıvanda un satışına qadağa qoyuldu. Bu qadağadan sonra artıq heç kim evdə çörək bişirə bilmədi. Əhali məcbur oldu çörək sexlərinə üz tutsun.
Bir müddət öncə Vasif Talıbovun qohumları Naxçıvana xeyli miqdarda «suşilka»- elektrik paltarqurudan maşınlar gətirdilər.
Maşınlar çox baha olduğundan, əhali onları almağa xüsusi maraq göstərmirdi. Elə əvvəlkitək, kimi balkonunda, kimi həyətində ipdən- zivədən asmaqla qurudurdular.
Sonra yaşayış binalarında qurudlmaq üçün paltar asılmış ipləri polislər qırıb atmağa, doğramağa başladı. Bayırdan görünərsə, hətta evin içərisində də ipdən paltar sərib qurutmaq qadağan olundu.
Cəsarətin varsa Naxçıvanda ipə paltar sərib qurut. Heç, 10 dəqiqə keçməmiş polislər peyda olacaq. Onlar əvvəlcə ipi qırıb paltar qarışıq yerə tullayır, sonra isə, bunu edən şəxsi polis şöbəsinə aparırlar.
Səbəb isə budur – paltar asmaq qadağası pozulub.
Artıq bir neçə ildir Naxçıvanda çayxanaların kütləvi şəkildə sökülməsinə start verilib. Bütün kəndlərdə, rayon mərkəzlərində olan çayxanaların hamısı ağır texnika ilə yerlə yeksan olunub.
İndi yalnız Naxçıvan şəhərində cəmi 4-5 çayxana fəaliyyət göstərir. Rəsmi statistikada muxtar respublikanın əhalisinin sayı təxminən 400 min nəfər göstərilir. Belə çıxır ki, Naxçıvanda təqribən hər 100 min nəfərə cəmi bir çayxana düşür. Deyilənə görə bu qadağa isə sırf siyasi məqsəd daşıyır. Artıq insanlar 3-3, 5-5 çayxanalarda toplaşıb muxtar respublika və dünyanın dərd-sərindən danışa bilmirlər.
Naxçıvanda üstəlik yas yerlərində də siyasi, ictimai söhbətlər qadağan olunub. Sadəcə olaraq, indi belə söhbətləri etmək mümkün deyil. Mollalar yas mərasimlərində mərhuma dualar oxumaqdan daha çox hakimiyyətin yürütdüyü siyasəti tərifləməlidirlər. Əks halda, yasları idarə etmək üçün verilən sertifikat onların əllərindən alına bilər.
Vasif Talıbov artıq yas mərasimlərinin menyusunda da bəzi redaktə işləri aparıblar. Bir sözlə yas mərasimlərində xurma və halvadan başqa, hər hansı şirniyyatdan istifadə etmək olmaz.
Xebername.info-nun Naxçivan bölgə əməkdaşı: Günel Zamanova 15.04.2016