“Siyavuş Novruzov o məhkəmədə heç olmayıb institutda oxuyurdu”

"Həmin məhkəmədə Siyavuş Novruzov yox idi..."

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu moderator.az-a müsahibəsində təxminən 20 il bundan əvvəl Əbülfəz Elçibəyin Heydər Əliyevi təhqir etdiyinə görə, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilməsindən və həmin məhkəmədə Heydər Əliyevin ictimai müdafiəçisi qismində çıxış etməsindən danışmışdı

Bu gün məsələ ilə bağlı moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Eldar Sabiroğlunun sözügedən məhkəmə prosesində H.Əliyevin vəkili olmadığını bildirib.

Eldar Sabiroğlu bu dəfə də Siyavuş Novruzun açıqlaması ilə bağlı danışıb:

“Mən heç vaxt özümü vəkil kimi göstərməmişəm, ictimai nümayəndə kimi göstərmişəm. Vəkillə ictimai müdafiəçi tamam fərqlidir.
Digər tərəfdən, istər köhnə, istərsə də yeni qanunvericiliyə görə, o cür məhkəmə proseslərində hüquq təhsili olmayan, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs vəkil qismində iştirak edə bilməz. Siyavuş Novruzovun adlarını çəkdiyi şəxslərin heç birinin hüquq təhsili yoxdur. Özü isə o vaxt heç olmayıb, institutda oxuyurdu, adlarını çəkdiyi adamlar isə doğrudan da mənimlə birlikdə ictimai nümayəndə qismində çıxış edirdilər”.

Qeyd edək ki, millət vəkili Siyavuş Novruzov bunları demişdi:

“E.Sabiroğlunun məlum prosesdə H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Həmin məhkəmə prosesində H.Əliyevin dörd vəkili olub. H.Əliyevin vəkili qismində mən, Tibb Universitetinin professoru Vaqif Şadlinski, millət vəkili Kərim Kərimov, bir də artıq haqq dünyasında olan Ağalar Abasbəyli çıxış edirdi. Biz vəkil olaraq rəsmi qaydada qeydiyyatdan keçən şəxslər olmuşuq. Bu gün məhkəməyə müraciət edib həmin sənədlərlə tanış olmaq, həmin vəkillərin kimliyinə aydınlıq gətirmək mümkündür. Bir daha qeyd edirəm ki, E.Sabiroğlunun H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır və həqiqəti əks etdirmir”.