500 dollar alanlar xüsusi blank doldurmalıdır

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınmasını nəzərdə tutan təlimat göndərib.

Məlumatda deyilir ki, alınan valyutanın həcmi 500 dolları keçdikdə müştərilər xüsusi blankı doldurmalıdırlar.

İqtisadçı ekspertlər təlimatın ölkə iqtisadiyyatına ciddi mənfi təsirlərinin olacağını, inzibati yollarla dolların məzənnəsinin artmasının qarşısnın alınmasının mümkünsüz olduğunu iddia edir.

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, Mərkəzi Bankın təlimatı ölkədə qara valyuta bazarının çiçəklənməsinə şərait yaradacaq. Ekspert təlimatı Sovet dövrünün siyasətinə bənzədir.

“Xarici valyuta əhalnin və biznesin yığım kimi istifadə edə biləcəyi aktivlərdən biridir. Onda hökumət belə eləsin: mənzil alan, maşın alan, müəssisə yaratmaq üçün sərmayə qoyan hər kəsdən vəsaitin mənbəyi tələb olunsun.
Məntiqi yanaşsaq, dollar almaqla mənzil və ya avtomobil almağın arasında niyə fərq olsun? Hər ikisi aktiv deyilmi? Qanunsuz yolla qazandıqları para ilə məmur balası 150 min dollarlıq maşın alanda, 500 min dollarlıq villa tikəndə pulun mənbəyilə bağlı sorğu-sual etməyə niyə ehtiyac olmasın? Oğurlayıb bahalı maşın almaq olar, dollar yox? Siz belə fərqli yanaşmada məntiq görürsünüzmü? Yaxud eyni məntiqlə xaricdə övladının təhsilinə hər il 50 min dollar pul transfer edəndə də pulun mənbəyi niyə soruşulmasın?
Hətta sizə başqa təklif də verim: sovetlər dönəmində həyətinə daş hasar çəkən, dəmir çardaq bağladan kolxozçunu belə, həmin daşı, sementi, dəmiri haradan alması barədə çək-çevirə salırdılar. Bu sistemi də bərpa etsək, köhnə sovet vətəndaşı kimi nostalji duyğularımızın üzərinə sərin su səpərik,” ekspert istehza ilə bildirib.
O hesab edir ki, bu qadağa və sərt nəzarətin ən böyük fəsadı qara bazarın dirilməsi ola bilər.
“Yüksək marja ilə qeyri-rəsmi valyuta alışının canlanma riski böyükdür…
Eləcə də ev təsərrüfatları və biznes üzərində belə sərt adminstrativ nəzarət investorların ölkəyə onsuz da çox zəif olan inamının qalıqlarını da məhv edir,” ekspert qeyd edib.