Siyasi mülahizələrlə eyni ailə üzvlərini, ata-oğulu, ər-arvadı, ana ilə oğulu, qardaşla qardaşı və sair 37-ci ildə tuturdular. Amma həmin dövrdə də bu kütləvi deyildi. 2015-in Nardaran hadisələrində eyni ailənin bir neçə üzvünü saxta ittihamlarla həbs etdilər.Bir qardaş maşında döyülərək öldürüldü, digərini döyərək şikəst edib həbsə saldılar. Hüseyn Abdullayevi həbs etməklə yanaşı onun anası Zeynəb Abdullayev haqqında da ev dustaqlığı həbs qərarı abırsızlığına getdilər. 75-ə yaxın yaşı olan bir qadını Hüseyn Abdullayevə təzyiq vasitəsi kimi həbs etmək hüquq məsələsindən, siyasi mülahizələrdən çox mənəviyyat, daha doğrusu mənəviyyatsızlıq məsələsidir. Amma bu yazıda 37 ənənəsinin xortdamasına bir nümunə kimi Fuad və Zəfər Əhmədlilərin həbsindən yazmaq istəyirəm. Son dərəcə mütəvazi, fədakar, vətənpərvər bir ailədir Əhmədlilər ailəsi. Bu ailənin keçdiyi yol müstəqillik dövründə İlham Əliyevin ailə-klan hakimiyyətinin, Avropa məkanında Şərq müstəbidliyinin sadə Azərbaycan ailələrinə hansı müsibətlər gətirməsinin canlı bir örnəyidir. Taleyini vətənin taleyi ilə bağlamış Əhmədlilərin ailə dramı fərdi deyil, ictimaidir, şəxsi deyil, milli bir dramdır. Hətta gələcəkdə təkrarsız bir bədi əsərin ağrılı bir süjeti olacaq qədər ictimai və milli bir dramdır. Fuad Əhmədli bu ölkənin müstəqillik dövründə doğulmuş və bu müstəqilliyi həyat amalına çevirmiş övladlarından biridir. İntellektli, savadlı, çağdaş dünyagörüşlü parlaq bir gəndir Fuad. İki il öncə Xalq Cəbhəsini Fətulla Gülən şəbəkəsi ilə bağlamaq üzərində qurulmuş bir ssenari ilə Fuadı tutdular. Evində axtarış aparıb YAP rəsmilərinin redaktorluğu, ön sözü ilə Bakıda hakim elitaya məxsus nəşriyyatlarda çap edilmiş Gülənçi ədəbiyyatı evindən “tapdılar”. Lakin AXCP-ni hizmət hərəkatına bulaşdırmaq ssenarisi iflasa uğradığından Gülənçi ittiham Fuad bəyin üzünə gülmədi. Onu hakim ailəyə məxsus çalışdığı telefon şəbəkəsində müştərinin nömrəsini kiməsə verməkdə günahlandırdılar. Yeri gəlmişkən Azərbaycan hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi bir ittihamla tutub başqa bir ittihamla mühakimə etmək ənənəsi də 37-dən qalıb. Deməli yazılı və şifahi ifadələrində aylıq 300 min manat (o dövrün məzənnəsi ilə 400 min dollara yaxın) paket alan, bir o qədər də hər ay Təhlükəsizlik nazirliyinin rəhbərliyinə göndərən Rabitə naziri Akademiya prezidentinin köməkçisi təyin edildi, dövlət sirrinin daşıyıcısı olmayan bir müştərinin nömrəsini başqasına verdiyi iddia edilən Fuad Əhmədliyi 4 il həbs cəzası verildi. Kontrastdır, kəskin kontrast! Hətta, böyük rus yazıçısı Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanının qəhrəmanı Rodion Raskolnikov bu kontrasta heyrət edə bilər. Amma bundan dəhşətlisi də yox deyil. Deməli ölkənin ən səliqəli gənclərindən biri olan Fuad Əhmədlini bu yaxınlada Azərbaycan məhkəməsi yatağını səliqəli yığmadığına görə həbsdə saxladı. Amma elə Fuad bəyin çalışdığı rabitə sahəsində iki il ərzində 1.5 milyard dollar oğurluq pulları natəmiz yollarla London ofşor hesablarıan göndərən saxta Baktelekom MMC-nin rəisi Rasim Əsədova gözün üstə qaşın var deyən olmadı, baş prokurorluq heç olması gözə kül üfürmək üçün bu boyda əyri işin müqabilində Fuad bəylə eyni sistemdə çalışan Rasim Əsədov perspektivsiz bir cinayət işi belə açmadı.Əvəzində isə üstəlik hələ Fuad bəyin atası Zəfər Əhmədlini də saxta bir ittihamla həbs etdilər.Bu artıq nə Dostoyevskilikdər, nə də Rodion Raskolnikovluq. Zəfər bəyi Fuadın həbsindən əyilmədiyinə görə, sınmadığına görə cəzalandırdırdılar. O, nəinki oğlunun həbsindən sınmadı, əksinə: Biz savaş adamlarıyıq, oğlum,
Köksümüzdən qan sızar,
Ovuclarımız barıt qoxuyar,Sinəmizdə güllə yerləri… deyib digər siyasi məhbuslara mənəvi dəstək missiyasını da öz üzərinə götürdü. Nə deyəsən? Çiyinlərini ağır mənəvi yükün altına vermiş, içində böyük ideyalar daşıyan belə sadə insanın qarşında ancaq baş əymək lazımdır!
Cəmil Həsənli