Əvəz Zeynallı və Elçin Sadıqovun Həbsinə etiraz olaraq bəyanat yayıldı

Sərhədsiz İnsan Hüquqları İctimai Birliyi 11 sentyabr 2022-ci il tarixdə tanınmış jurnalist, “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının və tanınmış vəkil Elçin Sadıqovun həbs edilmələrinin cəmiyyətdə narahatlıq doğurduğunu bəyan edir.

Belə ki, Əvəz Zeynallı tənqidçi medianın nümayəndəsidir. O, Azərbaycan hökumətində təmsil olunan ayrı-ayrı məmurların fəaliyyətini daim tənqid edib. Azərbaycan Respublikasının Baş Prokurorluğunun jurnalist Əvəz Zeynallıya və vəkil Elçin Sadıqova əsaslandırılmış ittiham verə bilməməsi narahatlıq doğurur. Baş Prokurorluğun məlumatına əsasən vəkil Elçin Sadıqov müdafiəçisi olduğu təqsirləndirilən şəxs Rasim Məmmədovun mediada təbliğatını qurmaq məqsədilə jurlnalist Əvəz Zeynallıya 20 000 manat pul verib.

İşin faktiki hallarından göründüyü kimi, E.Sadıqov jurnalisə piar məqsədilə pul verib. Müstəqil hüquqşünaslar verilən pulun Baş Prokurorluq tərəfindən rüşvət adlandırılmasının doğru olmadılğını, bu ödənişin jurnalistin reklam xarakterli xidməthaqqı olmasını bəyan ediblər.

Sərhədsiz İnsan Hüquqları İctimai Birliyi bəyan edir ki, beynəlxalq təşkilatların və ölkə ictimaiyyətinin Azərbaycanda çox sayda insan hüquq pozuntularından narahatlıq ifadə etdikləri, insan hüquq pozuntularına son qoyulması istiqamətində ciddi tələblər irəli sürdükləri və bu probleminin həll olunacağı gözləntilərinin olduğu indiki məqamda hakimiyyət orqanlarının fərqli düşünən, öz fikirlərini azad ifadə edən, fəallığı ilə seçilən, tənqidçi medianın nümayəndəsi Əvəz Zeynallını və vəkil Elçin Sadıqovu şübhəli əsaslarla həbs etməsi qanuni prinsiplərlə bərabər, həm də beynalxalq hüququn prinsiplərinə ziddir.

Siyasi və ictimai fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin, ümumiyyətlə, fərqli fikir sahiblərinin, valideynlərinin, yaxın qohumlarının təzyiqlərə məruz qalması isə cəmiyyət üçün xüsusilə təhlükəlidir.

Sərhədsiz İnsan Hüquqları İctimai Birliyi bəyan edir ki, Əvəz Zeynallının və Elçin Sadıqovun qondarma ittihamlarla həbs edilmələri onların aktiv ictimai fəaliyyəti ilə bağlıdır. Hər iki şəxsin prokurorluq və məhkəmə orqanlarının əlbirliyi və sifariş əsasında həbs edilmələri Azərbaycanda hökumət rəsmilərinin demokratik dəyərlərə sadiq olmaları barədə fikirlərini təkzib edir.

Hesab edirik ki, demokratik ölkələr və insan hüquqları təşkilatları tələb etməlidirlər ki, Azərbaycan fundamental azadlıqlara sayğı göstərsin, vətəndaş cəmiyyətinin azad işləməsinə icazə versin, siyasi fəalları və onların qohumlarını təqib etməkdən çəkinsin.

Sərhədsiz İnsan Hüquqları İctimai Birliyi hakimiyyətin jurnalist Əvəz Zeynallıya və vəkil Elçin Sadıqova qarşı qanunazidd, ölkədə hüquqi nihilizm yaradan, cəmiyyəti vətəndaş qarşıdurmasına sürükləyən, dövlətimizin beynəlxalq nüfuzuna zərbə vuran davranışlarını qətiyyətlə pisləyir və hökuməti bu davranışlara son qoymağa çağırır. 

Sədr:                       Aygül Əsgərzadə