100 Vətəndaş cəmiyyəti fəalı Ramil Usubova müraciət edib

“Cümhuriyyət dəyərlərinə sevgi hüquq pozuntusu sayılırsa, bizi də məsuliyyətə cəlb edin”

Jurnalist Xədicə İsmayıl 100 Vətəndaş cəmiyyəti fəalının Daxili İşlər Naziri Ramil Usubova müraciət etdiyini bildirib.
“Facebook” sosial şəbəkəsindəki profilində bu barədə yazan jurnalist bildirib ki, müraciət sabah birbaşa nazirliyə çatdırılacaq.

Müraciətdə deyilir:

“28 may, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə bir qrup vətəndaş cəmiyyəti təmsilçilərinin təşəbbüsü ilə Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı ilə İstiqlaliyyət abidəsi və ətrafında gəzintisi təşkil olunmuşdur.
Bu gəzintidə iştirak edən bir neçə fəal, vətəndaş cəmiyyəti təmsilçisi son iki gündə inzibati qaydada həbs ediliblər. Onlar müxtəlif inzibati pozuntularda, xüsusi ilə də “ünvansız söyüş söymək”, “küçələri zibilləmək” kimi pozuntularda ittiham edilirlər. Həmin şəxslərin həbsi üçün rəsmi şəkildə qeyd olunan bəhanənin uydurma olduğuna, onların bayram tədbirində iştiraka görə cəzalandırıldığına heç bir şübhəmiz yoxdur.

Cənab nazir, əgər 100 il bundan öncə, müsəlman Şərqində yaradılan ilk demokratik respublikanın yaranmasının 100-cü ilini bayram əhvalında qeyd etmək, üçrəngli Azərbaycan bayrağı ilə gəzmək, demokratik cümhuriyyəti böyük çətinliklərlə qurmuş dahi şəxsləri hörmətlə anmaq inzibati pozuntudursa, biz də həmin üçrəngli bayrağımıza, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, cümhuriyyət dəyərlərinə sevgimizi və hörmətimizi ifadə edirik və hüquq pozuntusu sayılırsa, bizi də buna görə məsuliyyətə cəlb etməyinizi xahiş edirik”.

Mayın 29 və 30-da ReAL partiyasının dörd üzvü məhkəmə qərarları ilə 30 sutkalıq həbs ediliblər.