Əvəz Ələkbərovun xalası oğlunun ölüm işi araşdırılır

Əvəz Ələkbərovun xalası oğlunun ölüm işi araşdırılır

İyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının qətlində təqsirləndirilən Xalidə İsgəndərovanın növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. İclasda Xalidə İsgəndərovanın qardaşı İlyas İbrahimov ifadə verib. O bildirib ki, hadisə baş verən zaman Türkiyədə Müdafiə Nazirliyinin nümayəndəsi kimi çalışıb: “Mənə zəng etdilər ki, Füzulini öldürüblər. Mən də dedim ki, heç kimi evə buraxmayın, polislər gəlib araşdırsınlar. Dedilər ki, artıq basdırmağa aparırıq, gecdir. Daha sonra mən Bakıya gəldim. Məni istintaqa çağırıb dedilər ki, siz bacınızla Skype vasitəsi ilə danışmısınız və ona göstəriş vermisiniz. Mən də “Turkcell”dən sənəd təqdim etdim ki, onunla həmin ərəfədə danışığımız olmayıb. Ümumiyyətlə, bizə yaşadığımız yerdə Skype işlətməyə icazə verilmirdi. Həmin sənədi araşdırmadan dedilər ki, saxtadır. Bakı şəhər Prokurorluğunda müstəntiq Müşfiq Abbasov dedi ki, hər yerə yazıb şikayət edirsiniz, mən sizin o ərizələrinizə ayaqqabımı silib atıram. Məndən tələb edirdilər ki, bacıma deyim qətli boynuna götürsün. Deyirdilər, belə olsa, sən də vəzifəndə qalacaqsan. Amma mən elə oğlan deyiləm ki, bacım haqsız yerə yatsın, mən də rütbə gəzdirim. İstintaq orqanın müraciəti ilə nazirlik məni işdən çıxarıb. Hazırda mən sərəncamdayam. Mən Bakıda olanda bacım qızı Bülbül özünü çox şübhəli aparırdı. Onun etdiyi hərəkətlər bu ailəyə çox düşmən qazandırmışdı. Mənim Ağır Cinayətlərə Dair İstintaq  İdarəsində Mehdi Mirzəyev adlı tanışım var idi. Həmin şəxs demişdi ki, qətli İlo ləqəbi ilə tanınan İlham İbrahimov adlı şəxs törədib. Lakin həmin şəxsi tapmaq mümkün olmadı”.

Hakim Əfqan Hacıyev isə bildirib ki, mərhumun qızı Bülbül ərdə idi və başqa evdə yaşayırdı. O, şahiddən ondan şübhələnməsinin səbəbini soruşub: “Bülbül pul verib öldürtdürüb atasını?”

İ.İbrahimov isə ona cavab olaraq bildirib ki, Bülbülün hərəkətləri nəticəsində ailə çoxlu düşmən qazanmışdı və onun ətrafındakı insanlar yaxşı adamlar deyildi: “Onun Həsən Əbilov adında tələbə yoldaşı var idi. O, Bülbülü istəyirmiş. Füzuli həmin oğlanı iki dəfə aparıb evlərinin birində döydürüb. 2009-cu ildə narkoman bir oğlana qoşulub qaçmışdı. Demirəm kiməsə pul verib öldürtdürüb, amma düşmənlər qazanıb”.

Daha sonra prosesdə mərhum F.İsgəndərovun bacısı Cəmilənin həyat yoldaşı Mahir Süleymanov ifadə verib. O, Xalidə İsgəndərova ilə düşmən olduqlarını deyib: “Mənim qaynım Füzuli ilə münasibətim qardaş kimi olub. O, öləndən sonra Xalidə hər yerdə dedi ki, onu Mahir öldürüb. Xalidə çox aqressiv qadın idi. Füzulinin başına neçə dəfə xəsarət yetirmişdi. Onun başında çapıq var idi. Niyə mənim adımı hallandırır? Nədir mənim günahım? Mənim Füzuliyə bir qəpik də borcum yox idi. Onun qardaşı Türkiyədən gələndən sonra mənim adımı hallandırmağa başladılar”.

Daha sonra F.İsgəndərovun qardaşı Xəqani İsgəndərovun istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, ifadəsində bildirib ki, İlyas İbrahimov ona bildirib ki, səfil bir adam tapıb öyrətmək lazımdır ki,  mərhumun qızı Amanəni bıçaqla qorxudub atasını kimin öldürdüyünü soruşsun. Lakin Xəqani İsgəndərov buna razı olmayıb.

İclasda mərhum F. İsgəndərovun qardaşı Nizami İsgəndərovun həyat yoldaşı Nailə İsgəndərova da ifadə verib. O, bildirib ki, hadisəni eşidən kimi onlara gediblər: “Biz gedəndə Xalidə bacıları ilə birlikdə evin divarında olan qan ləkələrini yuyurdu. Onlara dedim ki, polislər gəlib baxsınlar, sonra yuyarsınız. Bildirdilər ki, artıq polislər yoxlama aparıblar. Biz orda olanda polislər gəlib Xalidə ilə qızı Amanəni danışdırdılar. Xalidə polislər gedəndən sonra hirsli şəkildə Amanəni döydü ki, sənin sözünlə mənim sözüm düzgün gəlmir. Amanə isə bildirdi ki, polis ona deyir, atasını anası öldürüb. Mən də Xalidədən şübhələnmişdim. Xalidə mənə deyirdi: “Nəyimə lazımdır qızıl teşt ki, onun içinə qan qusum? Mən Fizuli ilə yola gedə bilmirəm””.

Məhkəmə prosesi iyunun 20-də davam etdiriləcək.

Qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Füzuli İsgəndərov evinin yanında qətlə yetirilib. Mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Meydan.TV