Əsabəli Mustafayev: «Fuad deyir ki, «mən hara, Gülən hara?»

esabeli_1Əsabəli Mustafayev: «Fuad deyir ki, «mən hara, Gülən hara?» Bu ittihamı gülüşlə qarşılayır»

Avqustun 18-dən həbsdə olan AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli nəhayət ki, dünən vəkili Əsabəli Mustafayevlə görüşə bilib. Görüş gənc fəalın saxlanıldığı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında baş tutub. Bu barədə “Azadlıq”a vəkil məlumat verib.

Vəkil bildirib ki, Fuad Əhmədli özünü qətiyyən təqsirli bilmir və ittihamların da heç birini qəbul etmir.

Qeyd edək ki, F.Əhmədliyə qarşı CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb. Baş Prokurorluq və DTX-nın birgə məlumatında deyilirdi ki, “Azerfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən Fuad abunəçilərə aid fərdi məlumatları, o cümlədən zəng tarixçələrindən çıxarışları, antenalar üzrə olduqları yerləri və s. qapalı məlumatları çıxarıb, müəyyən adamlara ötürüb. F.Əhmədli həmçinin Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təqdim olunub, yaşadığı evdən Gülənə aid vərəqələrin tapıldığı iddia olunub.

Əsabəli Mustafayev deyir ki, Gülən şəkəbəsilə əlaqə ittihamını F.Əhmədli gülüşlə qarşılayıb: “Deyir ki, ”mən hara, Gülən hara?” Bildirdi ki, bu ittiham tamamilə cəfəngiyyatdır. Gizli məlumatların ötürülməsi ittihamı ilə də qətiyyən razılaşmır, bildirir ki, kimsəyə məxfi informasiyalar ötürməyib”.images (9)

Vəkilin sözlərinə görə, Fuad həbs olunarkən və ondan sonra ona qarşı zorakılığa yol verilmədiyini bildirib. Bununla belə, həbsdə onun səhhətində kəskin problemlər yaranıb. Həbsdən əvvəl dəfələrlə cərrahiyyə əməliyyatı keçirən gənc fəalın vəziyyəti iki gün əvvəl kəskin pisləşib: “Onun ciyərində problem var. Vəziyyət o həddə çatıb ki, Mərkəzi Klinik Xəsətaxanadan DTX-nın istintaq təcridxanasına həkim çağırılıb, ona tibbi yardım göstərilib. Müalicəsi hazırda da davam edir. Ona qarşı davranışdan şikayəti olmasa da, Kürdəxanı təcridxanasına köçürülməsini istəyir. Çünki burada saxlanıldığı kamera darısqaldır, havasızlıq problemi var”.

F.Əhmədli vəkili ilə görüşdə onu tanıyanlara salam göndərib və nikbin olduğunu çatdırıb.

Qeyd edək ki, F.Əhmədlinin yaxınları evdən Fətullah Gülnə aid kitab və vərəqələrin tapılması barədə yayılan məlumatın yalan olduğunu bildirib.

AXCP də bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar birmənalı şəkildə yalan və qurama olmaqla, partiya üzvlərini və onun sədrini Gülən şəbəkəsilə əlaqələndirmək məqsədilə edilən saxtakarlıqdır.