Rəsmi Moskva Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və aviasiya uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı ABŞ-la bağlanmış memorandumun fəaliyyətini dayandırıb.
Rusiya XİN-in xüsusi bəyanatında bildirilir ki, yaranmış vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasını fövqəladə iclas keçirməyə dəvət edirlər.
Xatırladaq ki, ABŞ-ın hərbi gəmiləri dünən Suriyada hökumət qüvvələrinin aviabazasına raket zərbələri endirib. ABŞ Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 59 “Tomaqavk” raketi atıb. Nəticədə 6 Suriya hərbçisi həlak olub, aerodrom və aerodromdakı təyyarələr yararsız hala düşüb.
ABŞ prezidenti Donald Tramp bu əmri özünün verdiyini etiraf edib.
Donald Tramp prezident seçilən zaman rusiyalı həmkarı Vladimir Putinlə razılaşıb Suriyada birgə hərəkət etmək istəyirdi. Əksinə olaraq Əsədin hərbi mövqelərini bombalamaqla Kreml ilə olan münasibətləri korladı.
Bəs nə baş verdi?
ABŞ və və Rusiya arasında yaranmış vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Əsəd rejimi və Putin Trampa başqa seçim qoymadılar: “Kreml Əsədə dəstək verəndə anlamalıydı ki, gələcəkdə bunun neqativ nəticələri olacaq. ABŞ-ın keçmiş prezidenti Barak Obama 4 il əvvəl demişdi ki, Əsəd kimyəvi silahdan istifadə etsə, bu Vaşinqton üçün “qırmızı çizgi” olacaq və belə olan halda “biz onu cəzalandıracağıq!”
Əsəd bu sözlərdən sonra kimyəvi sılahdan istifadə etdi, Obamanın qılı da tərpənmədi, sözü yerə düşdü, faktiki Əsəd bu yolla Obamanı aşağıladı.
Tramp isə Obama olmaq istəmir. Ona görə də Əsədin kimyəvi silah tərbiyəsizliyinə dözmədi və açıq dedi ki, “qırmızı çizgilər” çoxdan açılışıb. Bu Əsəd və Putinə işarəydi ki, “məni hövsələdən çıxarmayın, mən sizin üçün Obama deyiləm”. Əgər Tramp kimyəvi silahdan istifadəyə reaksiya verməsəydi, bu onun super dövlətin başçısı kimi imicinə zərbə olardı”.
Politoloq hesab edir ki, Tramp düzgün taktika seçib: “Rusiya mürəkkəb duruma sürüklənib. Kreml Əsədə verdiyi dəstəyə görə Trampla bəri başdan münasibətləri soyutdu. Halbuki Putinin ona ümidi var idi. Belə ki, Kreml sahibi Krım və Donbass məsələsində Trampdan anlayış gözləyirdi. Kreml Ukraynadakı möveyini də Əsədə qurban verir, Əsədə görə tərəfdaşları olan Türkiyə və İsraill də qarşı-qarşıyadır. Çünki hər iki dövlət Trampın son addımını dəstəkləyiblər.
Guya Kreml Əsədin bütün kimyəvi silahlarını toplamışdı. İndi bəlli olur ki, ya Kreml səhlənkarlıq edib, bütün kimyəvi silahları toplamayıb, ya da Əsədin əlində bir miqdar kimyəvi silahın varlığına göz yumub. Nə olursa-olsun, Suriyada dinc sakinlərin qətlinə görə Kreml də məsuliyyət daşıyır. Bu cür vəziyyətdə Əsədlə silahlı müxalifət arasında atəşkəsə riayət etmək çətin olacaq”.
Elxan Şahinoğlu qeyd edib ki, Tramp hələlik quru qoşunları Suriyaya göndərməyəcək: “Ancaq Tramp birinci addımını atdı. Əgər Əsəd yenə kimyəvi silahdan istifadə edərsə, Amerika raketləri yenə Suriya ordusunun mövqelərini bombalayacaq”.