Başqa qiymətlərlə yanaşı qazın, işığın da qiyməti qaldırıldı. Çox çəkməyəcək başqa qiymətlər yenidən qaldırılacaq, sonra yenidən suyun, qazın, işığın qiyməti qaldırılacaq. Ta xalq ayağa qalxana, sosial partlayış baş verənədək belə olacaq. Bunu sözdə Konstitusiyaya, Qurana and içib “hamının prezidenti olacağını” bildirən, işdə özünü mafiyanın prezidenti olaraq göstərən İlham Əliyevin dünənki, bugünkü davranışlarından görmək, bilmək olar.
Ölkədə sosial-ekonomik durum olduqca ağırdır. 1993 çevrilişindən bu yana başında birbaşa Əliyevlərin – Əliyevlər ailəsinin durduğu soyğunçuluq, yağmalama siyasətləri yalnız xalqı deyil, dövlətin özünü də dizə gətirib. Neft-qaz, balıq-kürü, qızıl-gümüş milyardları oğru Əliyevləri dünyanın ən varlı ailəsinə çevirirkən, bu ailənin İŞĞAL etdiyi xalq – Azərbaycan xalqı dünyanın ən yoxsul xalqlarından birinə çevrildi. Eləcə də böyük doğal resurslar baxımından dünyanın ən varlı dövlətlərindən biri olmalı ikən, Azərbaycan dövləti bu gün yoxsuldan da yosxul, dünyanı dolaşıb hamıdan pul dilənən dövlət yerindədir. Bu xalqı, bu dövləti soyub-yağmalamaqla, yarıtmaz yönətimlə yaman günə qoyan adam, demək olar, 15 illik prezidentliyin üstündən saxta referendum yoluyla özünə daha 14 illik prezidentlik qazandırdı. Bununla yanaşı, o özünə daha böyük prezidentlik yetkililəri qazandırdı. Bütün bunlardan sonra da ortada gerçək bir prezidentlik, gerçəık prezident xarakteri, gerçək prezident davranışı yoxdur. Bunun yerinə ortada gerçək TÜRMƏ PREZİDENTLİYİ var! Özünün bəlirlətdiyi “Multikulturalizm ilində” belə, satqın məhkəmələri qaynaşan, türmələri dolub-daşan bir prezidentlik var ortada!
Ölkədə açıq-açığına GENOSİD gedir: Təhsil sistemində genosid, sağlamlıq sistemində genosid. Bunların birincisi mənəvi, ikincisi fiziki xarakterli genosiddir. Bunlar hər hansı xalq üçün özül ilkələrdir. Ortada bu özülün bilərəkdən, planlı olaraq dağıdılması faktı var. Belə faktla üzləşən xalqın gələcəyi ola bilməz. Belə faktları isə başlıca olaraq İŞĞALÇI rejimlər doğurur. Bu üzdən biz dönə-dönə deyir, deməli oluruq: Azərbaycanın yüzdə 20-ni ermənilər, yüzdə 80-nini ermənikimilər İŞĞAL ediblər. Buna görə də orduya alınan milyardlarla yaraq-sursat korrupsiya xarakterlidir; “itirilən torpaqları qaytarmaq” adına yalandır; gərəkirkən İŞĞALÇI rejimi qoruyub saxlamaq üçündür. “Biz dünyanın ən güclü ordularından birini yaratmışıq” kimi yalanlar, “bizim ordumuza ayrılan pullar Erməınistanın dövlət büdcəsindən qat-qat artıqdır”, “biz lazım gələrsə İrəvanın özünü belə bir neçə saata ala bilərik” tipli xalqı aldatmağa yönəlik boşuna öyünmələr özünün iç üzünü bütün çılpaqlığı ilə aprelin başlanğıcındakı 3-4 günlük savaşda göstərdi: Xocalı soyqırımını törətmiş Sərkisyanın “xahişi”, Rusiya prezidenti, Əliyevlərin strateji arxadaşı Putinin “Dur! Geriyə dön!” komandası uğurlu savaş başlayan Azərbaycan ordusunu döyüş meydanında YİYƏSİZ ÖLÜYƏ, KİMSƏSİZ YARALIYA çevirdi! Sonra nə oldu? Sonra şəhid ailələri, yetim şəhid balaları “dövlət” qapılarında əl açıb yardım dilənəsi oldu, olur. Son 10 ildə orduya 22,7 milyard dollarlıq yaraq-sursat alınır, ancaq, şəhid ailəsinə verməyə 10 min manat pul tapılmır!..
Ortada gerçək dövlət yoxdur. Ortada mafioz bir qrupun ələ keçirdiyi, 80 min kv.km-lik obyekt olaraq özünə işlətdiyi böyük kommersiya qurumu – mafiya dövləti var. Prezidentin az bir arada milyarderə çevrildiyi, ən ölüvay nazirin ayda 2-3 milyonluq PAKET aldığı dövlət mafiya dövləti deyil, nədir?! Söhbətin Rabitə, Yüksək Texnologiyalar nazirliyindən getdiyi hamıya bəllidir. Nazirə ayda 2-3 milyon manatlıq paket, üstdən aşağı başqalarına 500-300-50-30 minlik paketlər verilirmiş. Bunlar aysberqin görünən üzüdür: bütövlükdə bu, əliyevçi dövlət hakimiyət sisteminin atrfibutiv görsənişlərindəndir. Özü də hakimiyətin o başından gələn, bütün dövlət qurumları üçün LEGİTİM xarakter daşıyan görsənişlərindən biri – ta prezident administrasiyasınadək! Bircə elə baş administrator-filosof R.Mehdiyevin kabinetinə daşınan çemodanlarla pullar, açarı itirilmiş çemodanın atvyorka ilə açılması faktı… Bütün bunlar hamısı bir yerdə Azərbaycan dövlətinin özünün AÇARININ itirilməsi, daha doğrusu, OĞURLANIB ələ keçirilməsi faktlarıdr!
Adını (yalnız adını) dəyişmiş (KQB) MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ baş verənlər isə KQB-də yetişmiş, bir çağlar bu qorxunc qurumun başında durmuş H.Əliyev dövlətçiliyinin ən tipik, ən xarakterik görsənişlərindəndir. Bütün dövlət qurumları bir-bir məhkəmədən keçirilsə (indiki korrpupsioner məhkəmələr olsa belə), əliyevçi ANTİXALQ dövlətçiliyinin bütöv, bitkin panoram-görüntüsü alınar. Dözülməz yaşam – xalqa diz çökdürməyə yönəlik durmadan qaldırılan qiymətlər – o dövlətçiliyin kiçicik detalları yerindədir…
Bir çağlar (vur-tut iki il öncə) “baxın, dünyanı böhran bürüyüb, amma bizə bunun bir təsiri yoxdur, ola da bilməz, çünki bizim güclü iqtisadiyyatımız var” deyə, neft milyardlarını “güclü iqtisadiyyat” sayan İ.Əliyev indi, neft gəlirləri minimuma enəndən sonra, dağıtdığı Neft fonduna, boşaltdığı dövlət büdcəsinə baxıb “iqtisadiyyatın şaxələndirilməsindən”, pambıqdan-fındıqdan, velosiped düzəldə bilmədiyi yerdə uçaq düzəltməkdən danışmağa başlayıb. Yalanla büdcəyə pul yığılmayacağını görüncə o, tarif-qiymət qalxımıyla büdcəyə pul qazandırmaq istəyinə yüklənib. Bu isə yoxsul xalqı daha da yoxsullaşdırmağa yönəlik siyasətdir- açıq ANTİXALQ siyasəti!. ABŞ, Rusiya başda olmaqla dünyanın aparıcı dövlətləri ekonomik böhran durumunda büdcənin qurtuluşu üçün varlılardan tutulan vergiləri artırır. İ.Əliyev isə tərsinə, özünün, yaxın çevrəsinin böyük, çoxsaylı ailə biznesindən yan ötməklə, yalnız xalqı sıxmaq yoluyla vergi yığımına çalışır.
Bütün bunların üstündən İ.Əliyevin “Azərbaycan dövləti SOSİAL dövlətdir, siyasətimizin MƏRKƏZİNDƏ Azərbaycan vətəndaşı durur”, deməsi necə də gözəl səslənir! Başlıcası da…SİYASƏTİMİZİN MƏRKƏZİNDƏ anlayışı. Çalışın, bu yerdə gözünüzün önünə yoxsul, yetim-yesir AZƏRBAYCAN VƏTƏNDAŞLARINI kredit ilgəyində boğan MƏRKƏZİ bank gəlməsin…