Əliyev seçki keçirməkdən niyə imtina etdi?

Prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib. O deyib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-1

“Referendumun keçirilmə səbəblərindən biri kimi məhz növbədənkənar seçkilərin keçirilməsi niyyəti göstərilirdi. Amma görünən odur ki, hakimiyyət bu niyyətindən daşınıb,” deyə qəzet yazır.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli məsələni şərh edərkən bildirib ki, görünür, hakimiyyətin özündə də hələ növbədənkənar prezident seçkilərinin keçirilməsiylə bağlı konkret qərar yoxdur.

Referendumdan sonra dövlət başçısının prezident seçkilərini istənilən vaxt keçirmək hüququnun yarandığını vurğulayan G.Hacıbəyli qeyd edib ki, seçkilərin bu ilin sonunda keçiriləcəyi güman edilirdi.

“Əslində mən gələn ildə prezident seçkilərinin keçirilməsi ehtimalını istisna etmirəm. Ölkədəki vəziyyət çox gərgindir. Bu gün Azərbaycanda qəbul olunan istənilən siyasi qərarın təməlində sosial-iqtisadi faktor durur. Cəmiyyət ölkədə baş verən iqtisadi böhrana, qiymətlərin artmasına çox həssas münasibət göstərir. Ölkədə gərgin ab-hava var. Bu gərginliyin özünü sosial partlayışlarda ifadə etməməsinə baxmayaraq, sosial partlayış üçün münbit zəmin formalaşıb. İstənilən ciddi siyasi aksiya, xüsusilə prezident seçkiləri kimi mühüm addım bu gərginliyi daha da artıra bilər,” deyə o bildirib.

G.Hacıbəyli həmçinin deyib ki, hətta Azərbaycan kimi repressiv ölkədə belə prezident seçkisi öncəsi insanlara müəyyən azadlıqlar tanınmalıdır.

“Yəqin ki, indiki çətin durumda bu vəziyyətdə seçki keçirməyin özünün də riskli olduğu nəzərə alınır. Ola bilsin ki, hakimiyyət növbədənkənar prezident seçkilərinin keçirilməsiylə bağlı qərarı buna görə verə bilmir,” deyə o qeyd edib.