Əli Kərimlidən polislərə “ayılın” mesajı

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində polis işçilərinə ünvanlanan maraqlı bir qeyd paylaşıb. O, daxili işlər naziri Ramil Usubovun son 5 ildə 1579 polis əməkdaşının guya vətəndaşların hüquqlarını pozduğu üçün cəzalandırıldığı haqda verdiyi məlumatdan çıxış edərək, yazıb:

Polis əməkdaşlarına təzə xəbər var. Paylaşın, xəbər tutsunlar.ali-karimli-qurultayda

Ramil Usubov Avropa təmsilçilərilə görüşdə deyib ki, “təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş cəzalandırılıb. 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib”.

Təbii ki, mən də sizin kimi bu məlumatların doğruluğuna inanmadım. Polisləri başqa motivlərlə cəzalandırıb, adını qoyublar ki, insan hüquqlarını pozduqlarına görə. Ancaq burada 2 mühüm məqam var:

1. Pulsuzluğun üzü qara olsun, böhran asta-asta da olsa, öz işini görür. Dünənə qədər AzTV-nin əlilə dağıtdıqları Avropaya indi hesabat vermək zərurəti duyublar.

2. Hələ bu harasıdır, böhran dərinləşdikcə, hüquq pozan polisləri həqiqətən də cəzalandırmalı olacaqlar.

Ona görə yazdım ki, polisləri xəbərdar edim, oğru və korrupsionerlərin maraqları naminə xalqla üz-göz olmasınlar, heç kimə əl qaldırmasınlar. Xalq arasında hörmətsizlik öz yerində, üstəlik lazım gəlsə, cəzalana da bilərlər. Həm də cani-dildən xidmət etdikləri rejim tərəfindən.

Biz sizi xəbərdar etdik.