“Ötən gün Əfv Komissiyanın iclası keçirilib. Komissiyaya 800-dən artıq müraciət daxil olub. Daxil olan müraciətlərin 150-nə baxılıb”.
Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.
O bildirib ki, baxılan müraciətlərin yarısına müsbət rəy verilib: “Bu gün də komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz Bayramı ərəfəsində əfv fərmanı imzalayacaq”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə açıqlamasında deyib ki, bütün siyasi məhbusların adı əfv siyahısına salınıb:
“Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq. Hər-halda müzakirələr davam edəcək və siyahı ölkə rəhbərliyinə təqdim olunacaq. Hansı qərarların veriləcəyini indidən demək çətindir”.
“REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov və onun müdafiəçiləri əfv olunma ilə bağlı hər hansı ərizə yazmayıb və bundan sonra da yazmayacaq”.
Bunu İlqar Məmmədovun vəkili Cavad Cavadov deyib.
O bildirib ki, bunun səbəbi İlqar Məmmədovun özünü təqsirli bilməməsidir: “Nə müdafiəçiləri, nə də ailə üzvlərinin heç biri əfvlə bağlı müraciət etməyib. Çünki İlqar Məmmədov özünü təqsirli bilmir. Onun barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Qərarda Avropa Konvensiyasının 18-ci maddəsinin pozuntusu qeyd olunub. Yəni onun həbsi siyasi motivli olub.
Eyni zamanda İlqar Məmmədovun dərhal azad olunması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin 5 və ya 6 qərarı var. Yəni bu səbəbdən İlqar Məmmədovun qətiyyən hər hansı əfv ərizəsi yazmaq fikri yoxdur. Onun istəyi odur ki, həmin qərarların icrası təmin olunsun”.