Hüquqşünas Osman Kazımov açıqlamasında Əli Abbasovun bu ifadəsinin onun cinayət məsuliyyətinə cəlb olunması üçün əsas olduğunu deyib:
“”Mən Eldar Mahmudovdan qorxurdum” deməklə heç kim məsuliyyətdən kənarda qala bilməz. Əli Abbasov qorxurdusa, ölkə rəhbərliyinə müraciət edəydi. Deyəydi ki, ona qarşı təhdidlər var, hədələr var. Bildirəydi ki, dövlət sirlərinə qulaq asmaq istəyirlər, telefon danışıqlarını dinləmək istəyirlər.
Onun “qorxurdum” deməklə məsuliyyətdən qaçmağa cəhd eləməsi və bu gün də məsuliyyətdən kənarda qalması yol verilməzdir. Əli Abbasovun cinayəti barədə etirafı var. Rüşvət verdiyi adamlar var. Kimlərinsə tələbiylə vəzifəyə təyin olunan adamlar var. Onlar hamısı dindirilməlidir. Sabiq nazir etiraf edir və etirafdan əlavə fakt da var ki, MTN onun özünün razılığı ilə şəbəkəsindən istifadə edib. Etirafı təsdiq edəcək faktlar, əməllər var. Ona görə o, mütləq məsuliyyətə cəlb edilməlidir”.
Vəkil Əli Abbasovun hansı maddələrlə ittiham edilə biləcəyini də açıqlayıb: “Burada rüşvət vermə maddəsinin tərkibi və vəzifəsindən sui-istifadə maddəsinin ağır nəticələrə səbəb olması var. Bunlar hamısı ağır maddələrdir. 8 il də verə bilərlər, 10 il də, 12 il də. Bu, məhkəmənin səlahiyyətindədir. Amma cinayətin tərkibində sırf rüşvətvermə var. “Mən qorxurdum” deməklə nazir yaxasını kənara çəkə bilməz. Mən onun bu ifadəsini qəbul eləmirəm. O, məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Ortada dövlətin taleyindən gedir söhbət”.