Bu gün, iyunun 16-da Səbail rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının tutulmasından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılıb. Şikayət Əfqan Muxtarlı barəsində çıxarılan 48 saat ərzində tutma qərarından verilmişdi.
Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Əfqan Muxtarlı da iştirak edib. Onun vəkili Elçin Sadiqov şikayətlərinin təmin olunmadığını, qərardan narazı olduqlarını, apellyasiya şikayəti verəcəklərini deyib. Yaxın günlərdə Əfqan Muxtarlı ilə bağlı Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.
Jurnalist Nicat Əmiraslanov isə Qazaxda fəaliyyət göstərirdi. Bu il mayın 22-də polisin əmrinə tabe olmamaqda günahlandırılaraq Qazax rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası alıb.