Ədalət olmayan ölkə Qarabağa dünyadan ədalət umur.

 

“Qarabağa ədalət”, “Xocalıya ədalət”, “Zəhraya ədalət”….

Düşmən əsirliyində qalan, ədalətsizliyin qurbanı olan yüzlərlə kənd və rayonumuzun, bütün şəhidlərimizin hər birinin adına ədalət axtarışına çıxmağa haqqımız var. Bizim bu savaşda ədalət tərəfi təmsil etdiyimiz heç kimdə şübhə doğurmur – bu müsibətlərlə bizi üzləşdirən Kreml böyüklərində belə.загружено (5)

Mülki vətəndaşlarımızı yatdıqları yerdə qanına qəltan edən, əsgərlərimizə öz torpaqlarımızda hücum edən hərbi cinayətkarların xisləti aydındır – biz onları bu xislətdən çəkindirəsi deyilik.
Bizə lazım olanlar bunlardı: güclü olmaq, sivil olmaq, ədalətli olmaq, təhsilli olmaq…

Güclü olmaq deyərkən ilk növbədə iqtisadi baxımdan qüdrətli olmağı nəzərdə tuturam. Gərək biz iqtisadi baxımdan indi o qədər inkişaf etmiş olaydıq ki, ölkəmizdə iqtisadi aktivləinin dəyəri 100 mln. dolları ötən ən azı 1000 milli şirkətimiz olaydı. Biz iqtisadi cəhətdən o qədər güclü olaydıq ki, adambaşına düşən büdcə xərclərimiz 1000 dollar yox, ovuc içi boyda olan Estoniyadakı qədər – 9000 min dollar olaydı. Adambaşına milli gəlirimiz yoxsul Gürcüstan qədər – 4000 dollar yox, bizim onda birimiz qədər olan Estoniyadakı səviyyədə – 15 000 dollar olaydı. Ölkəmiz xarici investorların sərmayə qoymaq istədiyi 10-15 ölkənin sırasında mövqe tutaydı.

Ölkədə idarəetmə islahatları olaydı, əyalətlərdə insanlarımızı əllərindəki kötəklə kiçik padşahlar kimi aparan icra başçıları deyil, insanların özlərinin bəyənib seçdiyi yerli özünüidarə orqanları yönəldəydi.
Ədalətli olmaq deyərkən özümüz-özümüzə qarşı ədalətli olmalıydıq – 90-cı illərdə bütün MDB məkanına nümunə göstəriləcək azad mediamıza, vətəndaş cəmiyyətimizə, öz-öz ayağı üstə durmağa çalışan iş adamlarımıza qarşı ədalətli olmalıydıq, onları sıradan çıxarmaq üçün deyil, daha da güclü etmək üçün əlimizdən gələni etməliydik. Mediada, vətəndaş cəmiyyətində, sahibkarlıqda, dövlət idarəetməsində, parlamentdə ölkənin ən üst səviyyədə durmağa haqqı və peşkarlığı çatan insanlar dayanmalı idi, cəmiyyətə onlar nümunə olmalı, yön verməli idilər.

Təhsil sahəsində biz dünya miqyasında demirəm, heç olmazsa postsosialist coğrafiyada qəbul edilən heç olmazsa 3-5 universitet, 1-2 barmaqla göstərilən elmi-tədqiqat institutu qurmalıydıq.
Uzatmaq istəmirəm, biz sadaladığımız hər bir istiqamətdə ən azından regionumzdakı ölkələrə master-klasslar keçən regional qovşaq olmalı idik, bütün reytinqlərdə onlara nümunə olmalıydıq. Hakimiyyətin öz vətəndaşına qarşı ədalət hissi o qədər güclü, ölkənin inkişaf etdirmək ehtirası o qədər tükənməz olmalı idi ki, bütün dünyadakı ən vicdanız adamların belə əllərini yuxarı qalıdırıb bizim əvəzimizdən, bizimlə bərabər bizim üçün ədalət qışqırmaqdan savayı yolları qalmayaydı…
Bir məqamı unutmayaq ki, beynəlxaql rəydə ölkələr xalqlardan çox onları təmsil edənlərin davranışları ilə assosiasiya olunur…