Prezident İlham Əliyev 2016-cı ilin son günü – dekabrın 31-də təbrik nitqini ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri kimi qiymətləndirsə də, bunun səbəbini Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatının bir parçası olması ilə əlaqələndirdi. AXCP sədri Əli Kərimli təəssüflə bildirdi ki, İlham Əliyev təbrik çıxışında növbəti dəfə Azərbaycan xalqına həqiqətə uyğun olmayan məlumat verdi:
“Doğrusu, bir az çətinlik çəkirəm ki, Əliyev çıxışlarını hansı məntiqlə həqiqətə uyğun olmayan məlumatlar əsasında qurur. Azərbaycan xalqını aldatmaq bu qədər asandırmı? Necə iddia etmək olar ki, Azərbaycandakı böhran dünyadakı iqtisadi böhranla bağlıdır? Yəni azərbaycanlıların dünya mətbuatından xəbərləri yoxdur, dünyada böhranın olmadığını bilmirlər? Avropa Birliyi ölkələrində, Çində, ABŞ-da, Kanadada, Asiya ölkələrində inkişaf var. Bəs böhran hardadır? Venesualada, Ekvotiral Qvineyada, Nigeriyada və Azərbaycandadır böhran. Necə iddia etmək olar ki, 2016-cı ildə Azərbaycan xalqının pul gəlirləri 9, orta aylıq əməkhaqqı 7 faiz artıb? Xalq bilmirmi gəlirləri artmayıb, azalıb?! Real pul gəlirlərindən söhbət gedirsə, alıcılıq qabiliyyəti nəzərdə tutulmalıdır. Dollarla ekvalent götürəndə 2016-cı ilin 11 ayında əhalinin pul gəlirləri 11 milyard dollar azalıb, 30 faizə yaxın. 2 ildə isə əhalinin gəlirləri 41 faiz azalıb. Necə ola bilər, 2 ildə orta aylıq əməkhaqqı 566 dollardan 314 dollara düşüb, təkcə bir ildə orta aylıq əməkhaqqı 147 dollar azalıb, amma dövlət başçısı “xəbəriniz yoxdur, əməkhaqqınız 7 faiz artıb” söyləyir. Yaxud aqrar sektor necə inkişaf edib ki, əksər kənd təsərrüfatı məhsullarının idxalı artıb? Dövlət büdcəsi 2007-ci ilin səviyyəsinə düşüb, təsəvvür edin, 10 il geriləmə olub. Yalnız son 2 ildə Ümumi Daxili Məhsul 34,5 milyard dollar azalıb, onun 18,5 milyard dolları qeyri-neft sektorunun üzərinə düşür. Yaxşı, neftin qiymətinin enməsini anladıq, 2 ildə Ümumi Daxili Məhsulda 16 milyard ziyanımız neftin qiymətinin düşməsilə bağlıdır. Bəs qeyri-neft sektorundakı 18,5 milyard dollar geriləməyə görə kim cavab verəcək? Necə iddia etmək olar ki, 2016-cı ilin nəticələri neftin qiymətinin enməsinə görə pisdir? Söhbət ötən ildən gedirsə, 2016-cı ilin əvvəli ilə sonunda neftin qiyməti 70 faizə qədər qalxıb. Bəs niyə özlərinin elan etdiyi rəsmi statistikayla Ümumi Daxili Məhsulun 4 faiz geriləmısi var?”
“Rəsmən 50 min iş yerinin qapandığını elan edirlərsə, hansı iqtisadi uğurlardan danışmaq olar?!”
“Xalq növbəti dəfə aldadıldı, əsl reallıqları etiraf edib islahatlara başlamaq əvəzinə islahatların imitasiyasına növbəti dəfə cəhd olundu. Guya, 2016-cı il ciddi islahatlar ili imiş, bəs xalqın niyə xəbəri yoxdur?! Hansı islahatlar həyata keçirilib, azad sahibkarlıq üçün şərait yaradılıb? Bəlkə rəqabət mühiti formalaşıb, mülkiyyət hüququna təminatlar verilib, xarici sərmayədarlar ölkəyə axın edib? 2016-cı ildə 2015-ci illə müqayisədə 21 faiz xarici sərmayə azalıb, yüzlərlə xarici şirkət ölkəni tərk edib, onlarla bank bağlanıb, yüzminlərlə insan əmanətlərini itiriblər, hələ rəsmən 50 min iş yerinin qapandığını elan edirlərsə, hansı iqtisadi uğurlardan danışmaq olar?!”.